×
A
A
A
Sazlamalar

Gürcüstan MSK aralıq seçkiləri üçün iki milyon dollara yaxın vəsait ayırıb

Tbilisi, 27 mart, AZƏRTAC

Mayın 19-da Gürcüstanda aralıq seçkiləri keçiriləcək.
AZƏRTAC Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla xəbər verir ki, bu seçkilərdə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu, eləcə də Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına yeni icra başçıları seçiləcək.
Bundan başqa, aralıq seçkiləri zamanı Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının sakrebulolarına (yerli məşvərət orqanları) da deputatlar seçiləcək.
Gürcüstan MSK artıq seçkilərin keçirilməsi üçün 4 milyon 466 min 910 lari (təqribən 1,8 milyon ABŞ dolları) maliyyə vəsaiti ayırıb.
Vəsaitin ayrılması ilə bağlı MSK sədri Tamar Jvaniya sərəncam imzalayıb.
Vəsaitin 2 milyon 664 min 104 larisi əməkhaqlarının ödənilməsinə, 724 min 192 larisi xidmətlər və malların alınmasına, qalan hissəsi isə cari xərclərə yönəldiləcək.
Məlumat üçün qeyd edək ki, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə hələlik üç nəfərin – “Gürcü arzusu - demokratik Gürcüstan” partiyasından Kvemo Kartli bölgə qubernatorunun mavini Zaur Darğallı, müxalif “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirovun namizədliyi irəli sürülüb.
Amma Marneuli icra başçısı vəzifəsi uğrunda mübarizə aparacaq namizədlərin sayının artacağı gözlənilir.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-03-27 07:36:00