×
A
A
A
Sazlamalar

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakı ilə tanış olan naxçıvanlı şagirdlər geri dönüblər

Bakı, 26 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində paytaxt Bakı ilə tanış olan Naxçıvan məktəbliləri martın 26-da geri qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri yola salıblar.
Bakı ilə tanışlıq zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə, kitablarla, sənədlərlə tanış olublar.
Naxçıvan məktəblilərinin, Dövlət Bayrağı Muzeyinə, İçərişəhərə, Qız qalasına, Şirvanşahlar Sarayına və tarixi abidələrə ziyarəti də təşkil edilib.
Daha sonra şagirdlər Milli Azərbaycan Tarixi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olublar.
Bakıya səfərdən razılığını bildirən Naxçıvan məktəblisi Nihad Əliyev təəssüratlarını bölüşərək deyib ki, biz Bakı haqqında çox maraqlı məlumatlar əldə etdik və dünyagörüşümüzü, biliyimizi artırdıq. Naxçıvana böyük sevinc və zəngin təəssüratla qayıtdığını deyən məktəbli, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Muradlı Bəhlul deyib: “Ölkəmizin paytaxtını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. “Ölkəmizi tanıyaq” layihəsi sayəsində mən də bu arzuma qovuşmuşam. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın hərtərəfli inkişafına müsbət təsir göstərdi. Belə layihələr gənclərin dünyagörüşünün zənginləşməsində, ölkəmiz haqqında biliklərin artmasında əvəzsiz rol oynayır”.
Digər məktəbli Hüseynli Turqay da Bakıya səfərdən məmnunluğunu ifadə edib: “Hər zaman dərslərimizdə ölkəmizin paytaxtının tarixi məkanları barədə ətraflı məlumat alırdıq. Bu ekskursiya həmin dərsləri praktik cəhətdən daha da zəngiləşdirdik. Bizdə Bakının qədim tarixi barədə daha ətraflı təəssürat yarandı və səyahətimiz çox maraqlı oldu”.

Cəmiyyət 2019-03-26 20:26:00