×
A
A
A
Sazlamalar

Məktəblilər cənub bölgəsindən zəngin təəssüratla ayrılıblar

Lənkəran, 26 mart, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən tur-aksiyasının cənub bölgəsi istiqaməti üzrə növbəti mərhələsi başa çatıb.
Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Abşeron, Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Siyəzən, Şabran, Xızı, Qubadlı və Laçın rayonlarının məktəbliləri və onların müəllimləri martın 26-da Lənkəran şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.
Tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Cənub bölgəsindən zəngin təəssüratla ayrılan aksiya iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-03-26 10:29:00