×
A
A
A
Sazlamalar

Culfada yeni meyvə bağları salınır

Culfa, 25 mart, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunda yerli şəraitə uyğun yeni meyvə bağlarının salınması diqqətdə saxlanılır. Rayonun Gülüstan və Camaldın kəndlərində meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ailə təsərrüfatı sahibi İlyas İbrahimov Gülüstan kəndində 3 hektar ərik və göycə bağı salıb. O, bələdiyyə fondunun torpağından müqavilə əsasında götürdüyü sahədə 1600 ədəd ərik, 200-dən artıq göycə tingləri əkib.
Tinglər yerli şəraitə uyğun meyvə ağaclarıdır. İlyas İbrahimov qeyd edib ki, müxtəlif növ tingləri calaq üsulu ilə yetişdirirlər. O deyib ki, ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərməklə iki-üç ilə bu bağdan məhsul əldə etmək mümkündür.
Camaldın kənd sakini Natiq Məmmədov da bələdiyyə torpaqlarından icarəyə götürdüyü 1,2 hektar sahədə 600 ədəd müxtəlif meyvə tingi və 200-dən artıq üzüm kolu əkib. Söhbət zamanı qeyd etdi ki, tarixən Camaldın kəndində müxtəlif meyvə bağları olub. Burada becərilən meyvələr öz dadı və keyfiyyətinə görə tanınıb. Bu gün muxtar respublikada meyvəçiliyin inkişafına göstərilən diqqət və qayğı təsərrüfat adamlarını yeni-yeni bağlar salmağa ruhlandırır.
Onu da qeyd edək ki, rayonun bütün kəndlərində meyvəçiliyin inkişafı diqqət mərkəzində saxlanılır. Təsərrüfat adamları pay və bələdiyyə torpaqlarında meyvə bağlarının salınmasına üstünlük verirlər.

Regionlar 2019-03-25 19:42:00