Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkəmizin mədəniyyəti Brüsseldə təbliğ olunub

Brüssel, 25 mart, AZƏRTAC

Brüssel İncəsənət Sarayında (BOZAR) Novruz bayramını ənənəvi qeyd edən bir qrup ölkənin - Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Türkiyə və İranın iştirakı ilə birgünlük mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə UNESCO təmsilçisi Krista Pikkat açılış nitqi ilə çıxış edərək, Novruz bayramının region dövlətləri üçün əhəmiyyətini vurğulayıb, nəsildən-nəslə ötürülən ənənələrdən bəhs edib.
Sonra hər bir iştirakçı dövlətin mədəniyyətini əks etdirən konsert proqramları ifa olunub, stendlər nümayiş etdirilib. Səfirliyin təşkilatçılığı ilə ölkəmiz bu tədbirdə milli rəqs qrupu ilə təmsil olunub. Qrup tərəfindən əsas səhnədə, eləcə də stendlər quraşdırılmış zalda milli rəqslərimiz ifa olunub və qonaqlar tərəfindən maraqla qarşılanıb. Ölkəmizə aid stenddə Novruz bayramı üçün xarakterik olan şirniyyat məhsulları qonaqlara təqdim edilib, bayram ənənələrimizə xas olaraq Novruz xonçası, mədəniyyətimizi, tariximizi və milli mətbəximizi əks etdirən broşürlər nümayiş olunub.
Novruz şənliyində TÜRKSOY-un təşkilatçılığı ilə bu quruma üzv ölkələrin nümayəndələri ümumi mədəni proqramla çıxış ediblər. Bu çərçivədə, Azərbaycandan dəvət olunmuş “Cəngi” rəqs ansamblının təmsilçiləri tərəfindən də milli rəqslərimiz ifa edilib.

Pərvanə Qarayeva
AZƏRTAC
Brüssel 

Mədəniyyət 2019-03-25 19:03:00