×
A
A
A
Sazlamalar

Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir

Ağsu, 25 mart, AZƏRTAC

Ağsu rayonunda fevralın 5-də və 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, zəlzələnin törətdiyi dağıntıların miqyasının dəqiqləşdirilməsi, habelə dəyən zərərin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, hazırda rayonda 7-si şəhərdə, 4-ü kəndlərdə olmaqla 11 ev yenidən tikilir, 24 evdə isə söküntü işləri aparılır. Ümumiyyətlə, rayonda 200 ev qəzalı vəziyyətdədir. Bununla yanaşı, vətəndaşların müraciətləri əsasında komissiyanın evlərə baxışı davam edir.
Qeyd edək ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün Prezident İlham Əliyevin martın 6-da Ağsuya səfəri və səfər zamanı verdiyi tapşırıqlar görülən işlərə güclü təkan verib. Ölkə başçısının gəlişini minnətdarlıqla xatırlayan şəhər sakini Şagül Abbasova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Mən Ağsu şəhəri, Vidadi küçəsi 15 nömrəli evin sakiniyəm. Zəlzələ bizim evimizə də ciddi zərər vurmuşdu. Hazırda ailəmiz üçün yeni ev tikilir. Prezidentimizə çox-çox minnətdarıq. Çətin günlərimizdə rayonumuza gəldi. Sakinlərlə görüşdü. Ölkə başçımızın gəlişindən sonra evimiz üçün tikilən yeni binada işlər daha da sürətlənib. Əminik ki, çox keçmədən ailəmiz təzə mənzilə köçəcək”.

Regionlar 2019-03-25 18:55:00