×
A
A
A
Sazlamalar

İslamabadda təntənəli bayram tədbiri təşkil olunub

İslamabad, 25 mart, AZƏRTAC

İslamabadda Novruz arealına daxil olan doqquz ölkənin, o cümlədən Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə “Novruz 2019” adlı böyük bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Pakistan Prezidenti Arif Alvinin ali qonaq qismində qatıldığı Novruz şənliyində ölkənin Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, xarici ölkələrin Pakistandakı səfirləri, habelə ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak edib.
Səfirliyimiz üçün ayrılan guşədə ölkəmizin mədəniyyəti, milli və mənəvi dəyərləri, eləcə də mətbəxini əks etdirən nümunələr təqdim olunub.
Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif əyani materiallar nümayiş etdirilib, həmçinin mədəni proqram çərçivəsində milli musiqi və rəqslərimiz milli geyimdə olan uşaqlarımız tərəfindən ifa olunub.
Pakistan Prezidenti Azərbaycan səfirliyinin, həmçinin digər ölkələrin səfirliklərinin pavilyonlarını ziyarət edib.
Pakistan Prezidenti Arif Alvin Novruzun əsrlərdir regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib, iştirakçı ölkələrin səfirlikləri tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, habelə milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırıb.
İştirakçılar səfirliyimizin təqdim etdiyi milli mətbəx nümunələri - dolma, qutab və digər təamlara, həmçinin şəkərbura, paxlava və qoğala qonaq edilib.
Bayrama gələnlər Azərbaycanda istehsal olunmuş məhsullara, həmçinin ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Novruz bayramının təşəkkülü və qeyd olunmasına dair kitablara, eləcə də dövlətmizin siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini əks etdirən nəşrlərə böyük maraq göstəriblər.
Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və Kosanın çıxışı, yumurta döyüşdürmə yarışı Azərbaycan səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb, ifa edilən rəqslərimiz alqışlarla qarşılanıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Siyasət 2019-03-25 18:43:00