×
A
A
A
Sazlamalar

Daşkənddə “Novruz-əziz bayram” mövzusunda konfrans keçirilib

Daşkənd, 25 mart, АZƏRTAC

Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin təşəbbüsü ilə Daşkənddəki Milli Mətbuat Mərkəzində “Novruz-əziz bayram” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistandakı milli mədəniyyət mərkəzlərinin rəhbərləri və üzvləri, jurnalistlər iştirak ediblər.
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Firdovsi Hüseynov və bu qurumun fəal üzvləri də konfransa qatılıblar.
Əvvəlcə iştirakçılar foyedə milli mədəniyyət mərkəzlərinin stendlərinə baxıblar. RAMMM-in stendi iştirakçılarda böyük maraq yaradıb.
Komitənin sədri Rustam Kurbanov Novruz bayramının tarixi haqqında məlumat verib. Bildirilib ki, 2010-cu il fevralın 23-də Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi 21 martı Beynəlxalq Novruz Günü elan edib. Komitə Özbəkistanda fəaliyyət göstərən 137 milli mədəniyyət mərkəzinin və 35 dostluq cəmiyyətlərinin işini əlaqələndirir. Bu xalqların nümayəndələri iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.
Çıxış edənlər Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdən, görülən işlərdən danışıblar.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Diaspor 2019-03-25 18:15:00