×
A
A
A
Sazlamalar

Azərbaycan Bişkekdə keçirilən Novruz yarmarkasında təmsil olunub

Bakı, 25 mart, AZƏRTAC

Bişkekdə, görkəmli qırğız dövlət xadimi Kurmanjan Datkanın adını daşıyan meydanda Novruz bayramı münasibətilə beynəlxalq xeyriyyə yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada iyirmidən çox ölkənin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri təmsil olunub.
Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov tədbirin açılış mərasimində çıxış edərək Novruz bayramı münasibətilə yarmarka iştirakçılarına təbriklərini çatdırıb. O bildirib ki, Novruz bayramında xeyriyyə yarmarkasının keçirilməsi artıq ənənəyə çevrilib. Yarmarka paytaxtın qonaqlarına və sakinlərinə müxtəlif ölkələrin mədəniyyəti və ənənələri ilə daha yaxından tanışlıq imkanı yaradır.
Digər çıxışlarda da qeyd olunub ki, Novruz bütün dünyaya sabitlik, saflıq və nəcib əməllər, xalqların dostluq və əməkdaşlığını təlqin edir, insanları sülh şəraitində yaşamağa səsləyir. BMT Baş Məclisinin qətnaməsinə əsasən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi qürurvericidir. Novruzun Qırğızıstanda dövlət səviyyəsində geniş qeyd edilməsi Prezident Sooronbay Jeenbekovun tarixi dəyərlərin qorunub saxlanılmasına verdiyi töhfələrin göstəricisidir. Bu diqqət və qayğının daha bir nümunəsi Qırğızıstanın mədəni irsinin təbliği və inkişafı sahəsində görülən genişmiqyaslı işlərdir.
Sonra tədbir konsert proqramı ilə davam edib. Azərbaycanı təmsil edən rəqs qrupunun və ifaçının çıxışları heyranlıqla qarşılanıb.
Yarmarkada ölkəmizə məxsus guşədə Azərbaycana dair suvenirlər, milli mətbəximizin bənzərsiz nümunələri təqdim edilib. Bundan əlavə, iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları barədə materiallar paylanıb.
Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov, Qırğız Respublikası Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov, Bişkek meri Əziz Surakmatov və səfirlər yarmarkanın Azərbaycan guşəsində təqdim edilən milli mətbəximizin təamları, tariximizin və mədəniyyətimizin rəmzləri ilə yaxından tanış olublar.
Yarmarkanın Azərbaycan guşəsi ictimaiyyətin böyük marağına səbəb olub və yerli mediada geniş işıqlandırılıb.
Ənənəvi yarmarkanı gün ərzində minlərlə şəxs ziyarət edib. Yarmarkadan əldə edilən gəlir onkoloji xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə sərf olunacaq.

 

Mədəniyyət 2019-03-25 16:40:00