×
A
A
A
Sazlamalar

“Ölkəmizi tanıyaq”: Naxçıvanlı şagirdlər Bakı Gənclər Mərkəzi ilə tanış olublar

Bakı, 25 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycan paytaxtında ekskursiyaya çıxan Naxçıvan Muxtar Respublikasının məktəbliləri martın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Mərkəzdə naxçıvanlı məktəblilərə burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmən fəaliyyətə başlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunan mərkəz yenidən qurulan istirahət parkında yerləşir.
Mərkəzdəki ulu öndər Heydər Əliyevin mənalı həyatı və xalqımızın tarixində taleyüklü rol oynayan çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş muzey naxçıvanlı şagirdlərin böyük marağına səbəb olub. Burada Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar, sənədlər və digər eksponatlar dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin təbliğində mühüm rol oynayır.
Sonra akt zalında Bakı Gənclər Mərkəzinin fəaliyyətinə dair təqdimat olub. Məktəblilərin diqqətinə çatdırılıb ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm istiqamətlərdən birini tutur. Ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Bu baxımdan müasir Gənclər mərkəzlərinin inşası ölkəmizdə gənclər siyasətinin reallaşdırılması yönündə görülən çoxşaxəli tədbirlərin ardıcıl xarakter daşıdığının əyani təzahürüdür.
Bildirilib ki, Bakı Gənclər Mərkəzi gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının, fəallığının artırılması, şəbəkələşməsi, məşğulluqlarının təmin olunması məqsədilə bir sıra proqram, layihə və tədbirlər həyata keçirir. Mərkəz bu baxımdan fəaliyyətini karyera quruculuğu, layihələr məktəbi, təcrübə və təkmilləşdirmə, yerli və beynəlxalq proqramlar, təlim və görüşlər təşkil etmək istiqamətləri üzərində qurur.
Bakı Gənclər Mərkəzi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığının inkişafına da mühüm diqqət yetirərək onların dünyada, xüsusən Avropada gənclər sahəsində həyata keçirilən müxtəlif layihə və proqramlara cəlb olunmasına, eləcə də əcnəbi gənclərin ölkəmizdə müxtəlif tədbirlərdə və proqramlarda iştirakına çalışır. Bu və digər istiqamətlərdə beynəlxalq rəqabətə davamlı təlimçilərin yetişdirilməsinin zəruriliyi nəzərə alınaraq Mərkəz gənclərin fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə vahid təlimçi bazasının formalaşdırılmasını diqqət mərkəzində saxlayır. Mərkəz son illər ölkəmizdə sürətlə inkişaf edən könüllülük hərəkatının da inkişafına böyük önəm verir və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir.
Məlumat verilib ki, Mərkəzdə gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif var. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilib. Bundan başqa, burada nikah zalları da yaradılıb.
Bakı Gənclər Mərkəzində yaradılan şərait, eləcə də Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı təqdimat Naxçıvan məktəblilərində unudulmaz təəssürat oyadıb.
Sonda Bakı Gənclər Mərkəzinə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafını əks etdirən nəşr hədiyyə olunub.

Sosial 2019-03-25 13:10:00