×
A
A
A
Sazlamalar

İsmayıllı rayonunda payızlıq əkinlərə qulluq edilir

İsmayıllı, 25 mart, AZƏRTAC

İsmayıllı rayonunda payızlıq əkinlərə ardıcıl olaraq aqrotexniki qulluq göstərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, bu ilin məhsulu üçün ötən ilin payızında 70 hektarı xəsil olmaqla 29 min 473 hektar sahədə taxıl əkini aparılıb. Bütün ərazilərdə normal çıxış alınıb.
Payız və qış dövründə 25 min hektar əkin sahəsində gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb. Gəmiricilərlə mübarizədə istehsalçılar həm öz, həm də dövlət büdcəsinin vəsaiti hesabına əldə olunan preparatlardan istifadə edirlər. Hazırda bu işlər yekunlaşmaq üzrədir.
İndiyədək 9500 hektar sahədə payızlıq əkinə yemləmə gübrəsi verilib. Hazırda yabanı bitkilərə qarşı herbisidlər vurulur, bəzi sahələrə yaşıl mala çəkilir. Bu tədbirlər əsasən rayonun cənub zonası olan Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Mollaisaqlı, Qalagah kəndlərinin ərazilərindəki əkinlərdə aparılır.
Payızlıq əkinlərə qulluq işlərinin aprelin birinci ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulub. Aparılan aqrotexniki tədbirlərdə mütəxəssislər də yaxından iştirak edirlər.

Kənd təsərrüfatı 2019-03-25 13:00:00