×
A
A
A
Sazlamalar

Pekin Xarici Dillər Universitetində Novruz şənliyi

Pekin, 25 mart, AZƏRTAC

Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) ilk dəfə Novruza həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bayram haqqında danışıblar. Qeyd olunub ki, yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi günlə bağlı olan Novruz Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir. Tədbirdə bu bayramının ölkəmizdə təmtəraqla keçirilməsindən, Novruz adət-ənənələrindən, bayramla bağlı xalq oyunlarından bəhs olunub.
Sonra universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan birinci kurs tələbələri bayram proqramı təqdim ediblər. Tələbələrin ifasında Novruza aid mahnılar, şeirlər səslənib, səhnəciklər nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycanın və bir neçə ölkənin birgə təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. BMT Baş Assambleyasının 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsindən sonra dünyada bu bayrama maraq artıb. Novruz insanlar və xalqlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, sülh, dostluq kimi sağlam təməlləri tərənnüm edir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Mədəniyyət 2019-03-25 11:34:00