×
A
A
A
Sazlamalar

Çin dünyanın ən böyük təbii qaz idxalçısına çevrilib

Pekin, 25 mart, AZƏRTAC
Ötən il 90,385 milyon ton təbii qaz (həm LNG, həm də boru kəmərləri ilə idxal edilən qazın ümumi həcmi) idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq, dünyada ən böyük "mavi yanacaq" idxalçısına çevrilib. Çinin keçən il təbii qaz idxalı əvvəlki illə müqayisədə 31,9 faiz artıb. Ölkənin xarici təbii qazdan asılılığı 45 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin 2018-2019-cu illər üzrə neft və qaz sahəsinə dair hesabatında qeyd olunur.
Çin Neft Sənayesi Assosiasiyası ilə Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin mütəxəssislərinin birgə hazırladığı hesabatda qeyd olunur ki, ölkənin neft və qaz istehlakı ildən-ilə çoxalır. Ötən il Çində emal və istehlak edilmiş neftin hər birinin həcmi 600 milyon tonu ötüb. Bunun 460 milyon tonu idxal edilmiş neftdir. İdxal edilən neftin həcmi əvvəlki illə müqayisədə 10,9 faiz çox olub. Çin 2017-ci ildən dünyada ən çox xam neft idxal edən ölkədir.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-03-25 05:09:00