×
A
A
A
Sazlamalar

Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü

Xırdalan, 24 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı münasibətilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi qardaşlaşmış Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinə bayram sovqatı aparıb.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan səfər zamanı abşeronlular məktəbin fəaliyyəti ilə tanış olublar.
Əvvəlcə məktəbin kollektivi Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub. Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev məktəblərin qardaşlaşmasını xatırladaraq qeyd edib ki, artıq bizi Xırdalan məktəbi ilə sıx dostluq əlaqələri bağlayır. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova Xırdalan və Cocuq Mərcanlı məktəblilərinin bir-biri ilə daim əlaqə saxladığını, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrildiyini bildirib. Novruz bayramını Cocuq Mərcanlıda qeyd etməkdən qürur duyduğunu söyləyən direktor vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır. Bu ordu öz gücünü 2016-cı ildə Aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaltdı. Əminik ki, yaxın zamanlarda bayrağımız işğaldan azad ediləcək Şuşada, Xankəndidə dalğalanacaq.
Abşeronlu qonaqlar, həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscid və “Qayıdış” parkı ilə tanış olublar.

Regionlar 2019-03-24 00:04:00