×
A
A
A
Sazlamalar

“Ölkəmizi tanıyaq”: maarifləndirici tur-aksiyanın iştirakçıları Qubada

Quba, 23 mart , Elxan Yusifli, AZƏRTAC
Martın 23-də “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Biləsuvar, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Şuşa, Xocavənd, Zəngilan, Cəbrayıl məktəblərinin 400-ə yaxın yuxarı sinif şagirdi iştirak edib.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, “ABAD Factory” İstehsalat Kompleksinə, “Şahdağ” Turizm Mərkəzinə, həmçinin başqa görməli və tarixi yerlərə ekskursiya edəcəklər.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

Regionlar 2019-03-23 18:23:00