Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qarabağ bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya başlayıblar

Ağdam, 23 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qarabağ bölgəsinin məktəbliləri də qoşulublar. Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarından, ümumilikdə, 160 məktəbli martın 23-26-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.

X X X

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyaya Quzanlı qəsəbəsindən yola düşüblər. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin maraqlı olacağını, tur-aksiyadan çox şey öyrənəcəklərini bildiriblər. Qeyd olunub ki, Qəbələ-Şəki-Zaqatala zonası ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdəndir. Bu rayonlar gözəl təbiəti, tarixi məkanları, turizm iqtisadiyyatı, multikulturalizm ənənələri ilə tanınır.
Diqqətə çatdırılıb ki, məktəblilər 4 gün ərzində Qəbələdə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, "Qəbələnd” istirahət mərkəzinə, “Beltmann” piano zavoduna, konserv zavoduna, “Tufandağ” Xizəkçilik Kompleksinə, Nohur gölünə, Vəndam şəlaləsinə, Yengicə kəndindəki “Zoopark”a ekskursiya edəcək, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, Nic kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.
Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, sənətkarlar məhəlləsi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Şagirdlər müasir fındıq emalı müəssisəsi, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar da tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.
Müəllim və valideynlər məktəblilərə tövsiyələrini verib, səfərlərinin gözəl və mənalı keçməsini arzu ediblər.
“Baharlı-2” qəsəbə tam orta məktəbinin şagirdi Aysun Hüseynova AZƏRTAC-a müsahibəsində deyib: “Səfər zamanı biz Qəbələ, Şəki və Zaqatalanın təbiəti, görməli yerləri ilə tanış olacağıq. Çox sevinirəm. Çünki indiyədək məktəblilərlə birgə ekskursiyaya çıxmamışam. İnanıram ki, tur-aksiya maraqlı olacaq və biz rayonumuza yüksək təəssüratlarla qayıdacağıq”.
Həsənxanlı kənd tam orta məktəbinin şagirdi Cəlaləddin Aslanov isə deyib: "Belə layihələrin olması çox yaxşıdır. Çünki, hər bir kəs ölkəsini yaxşı tanımalı, tarixi, coğrafiyası, təbiəti, adət-ənənələri, mədəniyyəti barədə məlumatlı olmalıdır. “Ölkəmizi tanıyaq” tur-aksiyası bizə bu şəraiti yaradır. Belə bir aksiyanın keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşüblər.

x x x

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Bərdə rayonunun məktəbliləri də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayıblar.
Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.
Çıxış edənlər şagirdlərə səfər zamanı digər rayonlardan olan iştirakçılara Bərdənin qədim tarixi və müasir inkişafı haqqında məlumat verməyi, keçiriləcək intellektual yarışlarda fəal olmağı tövsiyə edib və növbəti tur-aksiyaların gözəl Qarabağımıza təşkil olunmasını arzulayıblar.
Bərdə şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Güllü Qədimova AZƏRTAC-a müsahibəsində deyib: “Şəki, Qəbələ və Zaqatala rayonları barədə xeyli məlumatım var. Bilirəm ki, bu bölgə tarixi abidələrlə zəngindir, eyni zamanda, gözəl təbiətə malikdir. Bölgə haqqında televiziyadan, kitablardan aldığım məlumatları bu səfərimlə daha da zənginləşdirəcəyəm. Həm də ekskursiyaya şagirdlərlə birgə getmək çox maraqlı olacaq".
Digər şagird Nəriman Səmədzadə isə deyib: "Ölkəmizin bölgələrini gəzdikcə Azərbaycanın nə qədər qədim tarixə, zəngin mədəniyyətə, gözəl və rəngarəng təbiətə malik olduğunu görürəm. Bu səfər zamanı Vətənimizin gözəl bölgəsi ilə yaxından tanış olacağıq. Tur-aksiya zamanı çox şey öyrənəcəyik. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.

x x x

Ağcabədili məktəblilərin yolasalma mərasimi rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələrinin, valideynlərin iştirakı ilə şəhərin mərkəzi meydanında keçirilib.
Məktəblilərlə görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, şagirdlərə tur-aksiyalar barədə geniş məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Diqqətə çatdırılıb ki, məktəblilər ekskursiya zamanı Qəbələ-Şəki-Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Məktəblilərin asudə vaxtlarında intellektual oyunlar da keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün konsert proqramları təşkil olunacaq.
Mərasimdə Ağcabədi şəhər incəsənət və musiqi məktəblərinin şagirdlərinin ifasında müxtəlif rəqs və mahnılar təqdim edilib. Tur-aksiya iştirakçıları rəqs edib, yallı gediblər.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər. Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla yola düşüblər.

x x x

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan beyləqanlı məktəblilərlə görüş Heydər Əliyev Mərkəzində olub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçı Asif Ağayev gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola çıxıblar.

Regionlar 2019-03-23 11:54:00