×
A
A
A
Sazlamalar

Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq

Salyan, 23 mart, Mahir Babayev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Salyan rayonundan olan iştirakçıları martın 23-də Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə şəhərdəki Heydər Əliyev parkında şagirdlərin yolasalma mərasimi keçirilib.
Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Rahab Əhmədov bildirib ki, dövlətimizin başçısının tövsiyəsi ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri Qubaya yola düşürlər. Dörd gün davam edəcək ekskursiyanın iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Mərasim başa çatdıqdan sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Quba şəhərinə yollanıblar.

x x x

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan məktəblilər arasında Hacıqabul rayonunun təmsilçiləri də var. Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya yollanıblar.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Rayon icra hakimiyyəti və Təhsil Şöbəsinin məsul işçiləri, valideynlər 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrupu icra hakimiyyətinin binası qarşısındakı meydandan yola salıblar.
Qrupun rəhbəri Natiq Əhmədov bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən tur-aksiyanın iştirakçıları dörd gün ərzində Quba, Qusar və Xaçmazın görməli yerləri ilə tanış olacaq, dünyagörüşlərini artıracaqlar.
Təhsil şöbəsinin məsləhətçisi Loğman Səmədov deyib ki, tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanacaqlar.
Tur-aksiyanın iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayşən Piriyeva sevincini belə ifadə edib: “Bizi maraqlı ekskursiya gözləyir. Quba, Qusar və Xaçmaz rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi.”
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qubaya yola düşüblər.

x x x

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın İmişlidən olan iştirakçıları da martın 23-də sübh tezdən rayondakı Heydər Əliyev parkına toplaşmışdılar. Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə qərb bölgəsinə səfər edən imişlili məktəbliləri rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər yola salıblar.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra aksiya iştirakçıları şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Faiq Məmmədov səfər proqramı barədə məlumat verərək deyib: “Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişlinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır”.
Tur-aksiyanın iştirakçısı, İmişli şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Əli Heydərli ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduğunu bildirib.
Sonda şagirdlər xüsusi avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu istiqamətində yola çıxıblar.

x x x

Maarifləndirici tur-aksiyada iştirak edən biləsuvarlı məktəblilər Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.
Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Səbinə Hüseynova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının əyani təzahürüdür. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.
Mərasim başa çatdıqdan sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.

Regionlar 2019-03-23 11:20:00