Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şimal rayonlarından olan 120 məktəbli cənub bölgəsinə ekskursiyaya çıxıblar

Şabran, 23 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 23-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsinə ekskursiyada Şabran, Siyəzən və Xızı rayonlarının 120 nəfər yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edir.
Yolasalma mərasimlərində məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışılıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri 4 gün ərzində cənub bölgəsinə səyahət zamanı Lənkəran, Masallı və Astara rayonlarının tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, bölgənin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Tur-aksiyada iştirak edən məktəblilər belə bir imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər xüsusi avtobuslarla ekskursiyaya yola salınıblar.

Regionlar 2019-03-23 10:52:00