“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
Bakı, 23 mart, AZƏRTAC
Bu gün “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə başlanılır. Builki tur-aksiyanın ilk mərhələsi martın 15-dən 18-dək keçirilib. Növbəti mərhələ isə martın 23-dən 26-dək olan tarixləri əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tur-aksiyaların əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.
Tur-aksiyalar dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq altıncı ildir təşkil olunur. Budəfəki - 11-ci tur-aksiyada 6 istiqamət (Bakı, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa, Lənkəran-Masallı-Astara, Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz) üzrə Naxçıvan MR, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.
Aksiyanın bu mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları da təşkil olunacaq.
Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb
® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib
Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib