×
A
A
A
Sazlamalar

Qədim Quba və Xaçmazda Novruz coşqusu yaşanır

Quba, 22 mart , Elxan Yusifli, AZƏRTAC
Qədim Quba eləcə də parklar və muzeylər şəhəri Xaçmazda Novruz coşqusu yaşanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərin mərkəzində rayon rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə bir-birindən maraqlı Novruz adət-ənənələri nümayiş olunub. Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Milli azlıqların folklor nümunələri, pəhləvanların, kəndirbazların çıxışları, müxtəlif musiqi nömrələri rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar.
Mərasimdə rayonda yetişdirilən ərzaq məhsulları, dağ yəhudilərinə, axıska türklərinə, tatlara, ləzgilərə və digər etnik qruplara məxsus milli mətbəx nümunələri, şirniyyatlar və Quba xalçaları sərgilənib.
Mərasim bayram konserti ilə davam etdirilib.

***

Xaçmaz şəhərindəki Mədəniyyət və istrahət parkında keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşıb. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşib, qol gücü sınayıb, “Ənzəli” oynayıblar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əyləniblər.
Bayram tədbirində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.
Sərgi ilə tanışlıqdan sonra bayram konsertinə start verilib. Yerli incəsənət ustalarının və rəqs kollektivlərinin ifasından ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Regionlar 2019-03-22 20:42:00