×
A
A
A
Sazlamalar

Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib

Bakı, 22 mart, AZƏRTAC
Novruz bayramı Kaliforniyanın San-Dieqo şəhərində təntənə ilə qeyd edilib. Tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. K.Məmmədova, həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra tədbir tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib.

Mədəniyyət 2019-03-22 18:05:00