×
A
A
A
Sazlamalar

Naxçıvanda təşkil olunan bayram şənlikləri burada iştirak edən qonaqlarda xoş təəssüratlar oyadıb

Naxçıvan, 22 mart, AZƏRTAC
Martın 19-dan etibarən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim edilir. Həmçinin iştirakçılara milli mətbəx nümunələrimiz təklif olunur, əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstərilir.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları Novruz şənliklərində iştirak etmək üçün qonşu ölkələrdən gələn turistlərin bir neçəsindən bayram təəssüratlarını öyrənib.
Novruz bayramını qeyd etmək üçün İranın Təbriz şəhərindən Naxçıvana ailə üzvləri ilə birlikdə gələn Əkbər Abbasi deyib: Qədim tarixə malik olan Novruz bayramı İranda da qeyd edilir. Amma Azərbaycanda, o cümlədən Naxçıvanda bu bayrama aid adət-ənənələr daha çox qorunub saxlanılıb. Novruz bayramının azərbaycanlılar üçün xüsusi bir yeri var.
Naxçıvanda Novruz bayramına xüsusi hazırlıq görüldüyünü deyən Əkbər Abbasi vurğulayıb ki, bu bayram burada çox xoş əhval-ruhiyyə ilə qeyd olunur.
Digər müsahibimiz Türkiyə vətəndaşı Serkan Akman qeyd edib ki, bir neçə ildir Novruz bayramını qeyd etmək üçün Naxçıvana gəlir. Övladının burada ali təhsil aldığını bildirən qonaq Naxçıvanda bu müqəddəs bayramın xüsusilə gözəl keçirildiyini deyib.
Serkan Akman vurğulayıb ki, bayram şənliklərinin keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin belə yüksək səviyyədə bərpa edilməsi azərbaycanlıların milli dəyərlərinə və tarixlərinə bağlılığının ifadəsidir.
Serkan Akmanın həyat yoldaşı Azer Akman da söhbətə qoşularaq deyib: Naxçıvanlıların Novruz bayramına xüsusi hazırlaşdığının burada olarkən şahidi oldum. Bu bayram Naxçıvanda çox sevinclə və xoş əhval-ruhiyyə ilə qeyd olunur.

Regionlar 2019-03-22 17:24:00