Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəkililər baharı böyük coşqu ilə qarşılayıb

Şəki, 22 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı şənlikləri bir neçə gündür davam edir. Şəkililər bu qədim el bayramını böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.
Bayram tədbiri XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalının alovlandırılması ilə başlanıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib, pəhləvanlar öz məharətlərini göstəriblər.
Sonra tədbir XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla davam etdirilib. Sakinlərin və şəhərin qonaqlarının iştirak etdiyi tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Daha sonra “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların əl işlərindən ibarət sərgilərə baxıb, Qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində folklor və rəqs kollektivlərinin konsert proqramına tamaşa ediblər. Rəsm Qalereyasının həyətində gənc rəssamların Novruza həsr etdikləri “İlaxır” sərgisi, balaca musiqiçilərin təqdim etdikləri musiqi nömrələri bayram tədbirini daha da maraqlı edib.
Novruz bayramına həsr olunan ümumşəhər bayram şənliyi XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində meydan tamaşası və rəngarəng konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-22 16:00:00