×
A
A
A
Sazlamalar

Novruz bayramı paytaxt Bakının rayonlarında da xüsusi təntənə ilə qeyd edilib

Bakı, 22 mart, AZƏRTAC
Xalqımızın ən əziz bayramı olan Novruz bayramı paytaxt Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bütün qəsəbə və yaşayış məntəqələrində də bayram tədbirləri keçirilib. Həmçinin əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları çatdırılması üçün yarmarkalar təşkil olunub.
Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilib. İlk növbədə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi təşkil edilib.
Martın 20-21-də bayram tədbirləri rayonun Bülbülə, Əmircan, Qaraçuxur, Hövsan, Zığ, Yeni Suraxanı qəsəbələrində davam etdirilib. Bayram tədbirlərində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, “Kosa, Keçəl və Bahar qız” tamaşasını göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Suraxanı sakinləri də bayramı böyük sevinc və fərəhlə qeyd ediblər. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub, parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablardan dadıblar.
Tədbirlərdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, çoxsaylı xarici və yerli qonaqlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Sosial 2019-03-22 15:06:00