×
A
A
A
Sazlamalar

Ağdamda erməni silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş evlərin bərpası davam etdirilir

Bərpa işləri başa çatdırılan 35 evin sakinləri Novruz bayramını mənzillərində qeyd ediblər

Ağdam, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.
Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bərpa ediləcək evlərin 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşülli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 35 evdə əsaslı bərpa işləri başa çatdırılıb. Bu evlərdə dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, malyar işləri görülüb. Həmin evlərin sakinləri Novruz bayramını mənzillərində qeyd ediblər. 40 evdə son tamamlanma işləri aparılır. Ümumilikdə bu günədək 81 evin dam örtüyü dəyişdirilib. Bərpa işlərinə 450 nəfər yerli sakin cəlb edilib. Bərpa işlərinin aprel ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Regionlar 2019-03-22 14:03:00