×
A
A
A
Sazlamalar

Naxçıvanda keçirilən bayram şənlikləri xarici turistlər tərəfindən maraqla qarşılanır

Naxçıvan, 21 mart, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində martın 19-dan başlayan Novruz şənliklərində muxtar respublika sakinləri ilə yanaşı, xarici vətəndaşlar və turistlər də iştirak edirlər.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları Novruz şənliklərində iştirak edən insanlarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.
İran İslam Respublikasının vətəndaşı Həsən Rəhimi muxtar respublikamıza ilk dəfədir ki, Novruz bayramı ərəfəsində səfər etdiyini bildirib. O deyib: Novruz bayramı şənlikləri çox möhtəşəm keçirilir. Burada milli rəqslər, musiqilər məni valeh etdi. Bir sözlə, Naxçıvanda insanların ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiram çox yüksək səviyyədədir. Hər il davamlı olaraq Naxçıvanda keçirilən Novruz şənliklərində iştirak edəcəyəm.
Digər həmsöhbətimiz - Novruz şənliyində iştirak etmək üçün Naxçıvana Bakıdan səfər edən Elmira Axundova deyib: Oğlum hərbçidir və Naxçıvanda qulluq edir. Ona görə də Naxçıvana tez-tez gəlirəm. Naxçıvanda keçirilən bir çox festivallarda iştirak etmişəm. Bu dəfə nəvələrimlə birlikdə Naxçıvanda Novruz şənliyində iştirak etmək üçün gəldik. Burada milli adət-ənənələrimiz nümayiş etdirilən guşələr çox diqqətimi çəkdi və sevindirici haldır ki, adət-ənənələr lazımınca təbliğ olunur.
Digər müsahibimiz, Türkiyə vətəndaşı Səriyyə Ünsal da bayram təəssüratlarını bizimlə bölüşüb: İğdır şəhərindən Novruz şənliyində iştirak etmək üçün gəlmişəm. Bizdə də Novruz bayramı qeyd olunur, lakin Naxçıvandakı kimi ümumxalq şənliyi səviyyəsində keçirilmir. Burada çox yüksək bayram əhval-ruhiyyəsi var. İnsanlar bir-birilərini təbrik edir, bayramlaşırlar. Türkiyəyə nisbətən Naxçıvanda bayram ab-havası daha fərqli hiss olunur, xüsusilə kütləvi xarakter daşıyır.
Səriyyə Ünsal, həmçinin bayramla bağlı adət-ənənələri, bişirilən milli yeməkləri çox bəyəndiyini söyləyib.
Hollandiyada yaşayan həmyerlimiz Zeynallı Yasin bildirdi ki, Novruz bayramını öz ailəsi ilə birlikdə doğma diyarda, Naxçıvanda qeyd etmək üçün buraya gəlib. “Artıq üç gündür Naxçıvandayıq. Burada olarkən keçirilən şənliklər, yaşadılan adət-ənənələr uşaqlığımı yadıma saldı. Qızımla birlikdə burada nümayiş olunan adət-ənənələrə diqqətlə baxdıq. Muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələrinin ictimai-iaşə xidmətindən də çox razı qaldım”, - deyə Zeynallı Yasin vurğuladı.
İran İslam Respublikasının vətəndaşı Əmirəli Vəlizadə qeyd etdi ki, artıq dördüncü ildir Novruz şənliyində iştirak etmək üçün Naxçıvana gəlir. Bura hər gəlişində şəhərin daha da gözəlləşdiyini, abadlaşdığını görür: “Naxçıvan gördüyüm şəhərlər arasında təmizliyi, gözəlliyi ilə seçilən şəhərlərdəndir. Qədim el bayramı olan Novruz İranda da qeyd edilir. Lakin Azərbaycanda, eləcə də Naxçıvanda bu bayram daha böyük el şənlikləri ilə müşayiət olunur. Hər kəs bayrama xüsusi olaraq hazırlaşır. Buna görə də hər il bu bayramda iştirak edirəm və demək olar ki, buraya hər səfərimdə mənim məsləhətimlə 4-5 ailə ilə birlikdə gəlirik”.

Regionlar 2019-03-21 21:50:00