×
A
A
A
Sazlamalar

Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib

Ankara, 21 mart, AZƏRTAC

Ankaradakı “Buta Bakı” Azərbaycan Tanıtım Evində Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, qardaş ölkədə yaşayan azərbaycanlılar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar və “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin sədri Nurlan Yusifov iştirakçılara bayram təbriklərini çatdırıblar. Çıxışlarda Novruz bayramının günümüzə qədər gəlib çıxan gözəl ənənələrindən bəhs olunub.
Tədbirdə geniş bədii proqram təqdim edilib. Azərbaycan muğam qrupu və Ankara Qafqaz rəqs qrupunun ifaları xoş təəssüratlar yaşadıb.
“Buta Bakı” Evinin həyətində qalanan Novruz tonqalı iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Mədəniyyət 2019-03-21 20:30:00