Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yalnız kişilərin bişirdiyi ləziz şirniyyat - Quba paxlavası VİDEO FOTOLENT

Quba ,21 mart , Elxan Yusifli, AZƏRTAC
Qubaya gəlib burada hazırlanan ləziz paxlavanın dadına baxmamısansa, deməli Qubada olmamısan.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qubalıların tez-tez səsləndirdiyi bu ifadə regionun ən dadlı şirniyyatına verilən dəyəri simvolizə edir.
Azərbaycan şirniyyatı bütün dünyada məşhurdur. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Quba paxlavası bu şirniyyatlar arasında özünəməxsus yer tutur.
Paxlavaçı Məmməd Talıbov Novruz bayramı ilə əlaqədar Quba paxlavasına tələbatın artığını bildirir. Paxlava bayram süfrələrini bəzəyən ən ləziz təamlar arasındadır. Bayram günlərində paxlavanı daha çox qız evinə bayramlıq aparanlar və toy edənlər sifariş verir.
On beş ilə yaxındır paxlavaçılıqla məşğul olan Məmməd Talıbov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu şirniyyatın hazırlanmasının uzun, amma zövqlü bir proses olduğunu söyləyib. Paxlava bişirən hər kəs səbir, dözüm və fiziki gücə sahib olmalıdır. Əks-halda qaynar sobanın ətrafında çox tab gətirmək mümkün deyil. Məhz buna görə də Qubada paxlavaçıların hamısı kişilərdir.
Məmməd Talıbov bildirir ki son vaxtlar paxlava xəmirini xüsusi avadanlıqlar vasitəsilə yoğururlar. Amma daha keyfiyyətli paxlava hazırlanması üçün əllə yoğurulan xəmir münasibdir.
“Quba paxlavasını bişirmək üçün ilk növbədə, xəmir yoğurulur. Xəmirin tərkibi yalnız un və sudan ibarət olur. Sonra ərişdə adlanan paxlava layları hazırlanır. Təxminən 50-yə yaxın ərişdə mis siniyə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Ardınca ərişdələr paxlava formasında səliqə ilə doğranaraq üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur, sabit temperaturda 20-30 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesi paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır”, -deyə M. Talıbov bildirir.
Gün ərzində xeyli sifariş alan şirniyyatçı müştəri sarıdan korluq çəkmədiklərini bildirir. M.Turabov alıcılara keyfiyyətli paxlava almağı tövsiyə edir. Yoxsa, onlarda Quba paxlavası barədə yanlış təsəvvür yarana bilər.
“Qubada hər məhəllədə, küçədə paxlava bişirilən yerə rast gəlmək olar. Amma hər yerdə paxlava eyni keyfiyyətdə hazırlanmır. Bəzən paxlavaçılar ucuz başa gəlsin deyə, qoz ləpəsi əvəzinə fındıq və ya yerfındığı qatırlar. Yaxud qoz ləpəsi nəzərdə tutulandan az qatılır. Bu da paxlavanın dadına birbaşa təsir edir”, -deyə paxlavaçı söyləyir.
Paxlavanın bir kiloqramı 8 manata satılır. Romb formasında olan bir dilimi isə alıcılara 0,5-1 manata təklif olunur.
Quba paxlavası çay süfrələrinin də əsas bəzəyidir. Qonağa bu şirniyyat təqdim olunur, qubalılar qonaq gedəndə özləri ilə paxlava hədiyyə aparırlar. Bundan başqa qonşu ölkələrdə yaşayan həmvətənlərimiz də bayram günləri üçün paxlava sifariş verirlər.
Paxlavaçılar bu şirniyyatın Qubanın rəmzlərindən birinə çevrildiyini bildirirlər.

Regionlar 2019-03-21 20:12:00

Video