Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri başlanıb

Qax, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncəli proqram hazırlayıb. Baharın gəlişi və məktəblilərin yaz tətilinin başlanması ilə əlaqədar martın 21-dən etibarən teatrda bayram tamaşalarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaqlar əvvəlcə Dədə Qorqudun nəsihətlərini dinləyir, Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edir, doyunca əylənirlər. Sonra uşaqlar Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxırlar.
Teatrda bayram şənlikləri martın 25-dək davam edəcək.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əsas məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı və səmərəli keçməsini təmin etməkdir. Direktorun sözlərinə görə, yaradıcı kollektiv, eyni zamanda, martın 21-dən başlayaraq Qəbələ şəhərində də uşaqlar üçün tamaşalar təşkil edəcək. Qəbələli uşaqlar dörd gün ərzində teatrın repertuarında olan “Zınqırovlu pişik”, Göyçək Fatma”, “Quyruqsuz ulağın sərgüzəştləri” və “Diş əhvalatı” tamaşalarına baxmaq imkanı əldə edəcəklər.

Regionlar 2019-03-21 15:21:00