×
A
A
A
Sazlamalar

Novruz gəldi, yaz gəldi...

Sumqayıt, 21 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
İdarədən AZƏRTAC–a bildirilib ki, Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində təşkil olunan “Novruz gəldi, yaz gəldi” adlı musiqili kompozisiyasında məktəbin şagirdləri Bahara, Novruza aid şeirlər söyləyib, mahnılar oxuyublar. Tədbirdə “Ümid” rəqs qrupunun çıxışları tamaşaçıları heyran edib. Novruzun personajları olan Keçəl, Kosa və Bahar qızının gəlişi böyük sevinclə qarşılanıb.
C.Cabbarlı adına Mədəniyyət Evinin özfəaliyyət kollektivi 4 saylı körpələr evi uşaq bağçasında bayram şənliyi təşkil edib. Tədbirdə “Turan” milli rəqs qrupunun ifasında rəngarəng rəqs nömrələri, eləcə də “Novruz”un simvolları olan Bahar qızı, Kosa və Keçəlin çıxışları müəllim kollektivi və uşaqlar tərəfindən maraqla qarşılanıb.
Bayram münasibətilə digər tədbir Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Poeziya evində keçirilib. “Narbala” kukla teatrı Mətanət Əmrullayevanın bədii rəhbərliyi ilə “Cırtdan” tamaşasıyla uşaqların görüşünə gəlib. Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə təşkil olunan tamaşada uşaqlar nağıl qəhrəmanı olan cırtdanın başına gələn macəranın şahidi olublar. Tamaşa uşaqlarda xoş ovqat yaradıb, onların maraqlı və əyləncəli vaxt keçirmələrinə şərait yaradıb.
Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda keçirilən tədbirdə isə kitabxananın fəal oxucuları iştirak ediblər. Bahar qızı, Kosa və Keçəlin tədbirə gəlməsi bayramı daha da şənləndirib. Kitabxananın oxucuları Azərbaycan şairlərinin Novruza, yaza həsr olunmuş şeirlərindən nümunələr səsləndiriblər. Şən mahnılar, rəqslər, Novruz bayramına həsr olunmuş oyunlar, həmçinin “Rəsm” dərnəyinin və “Veteran” klubunun üzvlərinin əl işlərindən ibarət sərgi böyük maraqla izlənib.
Mərkəzi Uşaq Kitabxanasında “Nako Edu Klub” tədris mərkəzi ilə birgə “Qaranquşun müjdəsidi-Novruzum” adlı tədbir keçirilib. Tədbirdə Novruz bayramının tarixi haqqında geniş məlumat verilib, uşaqların Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Sonra uşaqlar Novruza, Bahara aid şeirlər söyləyib, mahnılar ifa edib, kiçik səhnəciklər göstəriblər. Onların ifasında milli oyunlar, rəqslər tədbirə xüsusi bayram əhval-ruhiyyəsi qatıb.
Bayram tədbirləri, həmçinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində də keçirilib. Tədbirdə şagirdlər "Novruz” atributları haqqında məlumatlar verib, bayatılar söyləyiblər. Bayram tədbirində nağaraçalanlar və aşıqlar ansamblının çıxışı, xalq-çalğı alətləri ansamblının ifasında musiqi nömrələri və xanəndələrin ifasında səslənən muğamlar dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov müəllim və şagird kollektivini təbrik edərək xoş arzularını çatdırıb.

Regionlar 2019-03-21 14:16:00