×
A
A
A
Sazlamalar

Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir

Bakı, 21 mart, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini təbik edərək qeyd edib ki, xalq bayramı olan Novruz yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir, yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Qeyd edib ki, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulayıb ki, fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
İlqar Abbasov bildirib ki, Novruz bayramında hamımızın ümummilli, ümumxalq arzumuz vardır. Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənsin, inkişaf etsin və torpaqlarımız tezliklə düşmən tapdağından azad olunsun və bayram tonqalları Qarabağda - Şuşada, Xankəndidə alovlansın.
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər, “Kosa, Keçəl və Bahar qız” tamaşası nümayiş olunub. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər.

Cəmiyyət 2019-03-21 13:00:00