×
A
A
A
Sazlamalar

Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il ölkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən, paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılmışdır.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılıb, burada yaşıllıqlar salınıb, yeni gül və kollar əkilib. Eyni zamanda, küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb.
Bayramla əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayıb. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.
Əvvəlki illərdən fərqli olaraq bayram günlərində paytaxt sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının istirahət və əylənməsi üçün əlavə tədbirlər görülüb. Paytaxtın əsas istirahət və gəzinti məkanları olan Fəvvarələr və Sevirəm parkları, Sahil bağı, Dənizkənarı Milli Park, İçərişəhərlə yanaşı, bütün rayonlardakı əsas bağlar xüsusi olaraq bəzədilib, burada bir neçə gün davam edən bayram şənlikləri təşkil olunub. Bu parklarda böyük konsert proqramları, müxtəlif bölgələrdən gəlmiş sənətkarların əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil olunub. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.
Novruz bayramı başa çatana kimi hər gün axşam saatlarında Fəvvarələr bağı, İçərişəhərlə yanaşı, Bakının müxtəlif rayonlarındaki parklarda da konsert proqramları təşkil ediləcək. Bayram günləri Nərimanov, Qaradağ, Yasamal, Səbail, Nizami, Nəsimi, Xətai, Binəqədi rayonlarında keçirilən bayram tədbirləri daha möhtəşəm və maraqla qarşılanır.

Cəmiyyət 2019-03-21 11:35:00