×
A
A
A
Sazlamalar

İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib

Bern, 20 mart, AZƏRTAC
İsveçrənin “www.zeitung.ch” portalında “Novruz – sülh bayramı” sərlövhəli yazı yerləşdirilib.
AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri tərəfindən qələmə alınan yazıda oxuculara Novruz bayramının tarixi, dünyanın müxtəlif regionlarında qeyd edilməsi, özünəməxsus xüsusiyyətləri və Azərbaycanda ən sevilən milli bayramlardan biri olması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hər il bahar fəslində gecə ilə gündüzün bərabərləşdiyi günün bayram kimi qeyd edilməsinin minilliklərə söykənən tarixi və özünəməxsus ənənələri var.
Bildirilib ki, baharın gəlişinin rəmzi olan və təbiətin oyanışını müjdələyən bu bayram Balkanlardan tutmuş Uzaq Şərqə kimi 300 milyondan artıq insanı əhatə edən geniş bir coğrafiyada qeyd edilir. Eləcə də bu bayramın bir sıra komponentləri baharın gəlişi ilə bağlı dünyanın bir sıra regionlarındakı adət-ənənələrlə səsləşir. Misal üçün, İsveçrənin bəzi regionlarının da daxil olduğu şvab-aleman məkanında yazın gəlişi münasibətilə tonqallar qalanır və alovun rəmzi olaraq qışı yandırıb məhv etməsi bayram edilir.
Müəllif yazıda bu bayramın adət və ənənələri, Azərbaycanda yayılmış xüsusiyyətləri barədə məlumat verib və qeyd edilib ki, Azərbaycanda bu bayram hər il böyükdən kiçiyə hamı tərəfindən səbirsizliklə gözlənilir və yüksək səviyyədə qeyd edilir. Novruz ərəfəsində Azərbaycanda səfərdə olan turistlər adət-ənənələri ilə zəngin bu bayramı paytaxt Bakı və regionlarda əsl dəbdəbəsi ilə görmək və min illərlə yaşı olan Novruzu yerli əhali ilə birlikdə qeyd etmək imkanı əldə edirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Cəmiyyət 2019-03-20 20:50:00