×
A
A
A
Sazlamalar

Şəki Dövlət Rəsm Qalereyasında yeni sərgi açılıb

Şəki, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC

Novruz bayramı münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında “İlaxır” adlı sərgi açılıb. Sərgidə Şəki şəhər 1 saylı uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsində təhsil alan şagirdlərin rəngkarlıq və qrafika janrlarında çəkdikləri 250-dən çox əsər nümayiş etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinin sədri Tahir Həmidli və Rəsm Qalereyasının direktoru İlahə Məmmədova çıxış edərək ənənəvi olaraq hər il Novruz bayramı günlərində təşkil olunan bu sərginin şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına və inkişafına müsbət təsir göstərdiyini bildiriblər.
Sonra sərgiyə baxış olub. Balaca rəssamların baharın gəlişinə, Novruzun atributlarına, bayramla bağlı adət-ənənələrimizə həsr etdikləri rəsm əsərləri və əl işləri sərgi iştirakçılarında böyük maraq doğurub.
Sərgi martın sonunadək davam edəcək.

Regionlar 2019-03-20 14:22:00