×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Konqresində bir sıra görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Çili Senatının sədri Xaime Kintana, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Xose Miqel İnsulza, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fransisko Çauan və qrupun digər üzvləri ilə keçirilən görüşlərdə Azərbaycan ilə Çili arasında dostluq münasibətlərinin inkişaf etməkdə olduğu, qarşılıqlı diplomatik təmsilçiliklərin fəaliyyət göstərdiyi vurğulanıb. Həmçinin iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, nəqliyyat, mədəni-humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, ikitərəfli münasibətlərin, eyni zamanda, xalqlarımız arasında əlaqələrin gücləndirilməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub.
Nazir E.Məmmədyarov Azərbaycan və Çilinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, beynəlxalq gündəlikdə duran əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib. Bu kontekstdə hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayan nazir Azərbaycanın bu təşkilata sədrliyi çərçivəsində cari ilin oktyabrında Bakıda qurumun Zirvə Toplantısının keçiriləcəyini və Çili tərəfinin də bu əhəmiyyətli tədbirə dəvət olunduğunu qeyd edib.
Daha sonra E.Məmmədyarov Çili Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin gündəlik sessiyasında iştirak edərək komitənin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Pablo Vidal, komitənin və dostluq qrupunun digər üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan haqqında geniş məlumat verən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu qeyd edib. Həmçinin Çili ilə Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etməsindən və bu xüsusda, ölkəmizin hərəkata sədrliyinin prioritetlərindən və Bakıda keçiriləcək Zirvə Toplantısından danışıb.
Elmar Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüdlüyünü diqqətə çatdırıb.
Nazir Çili Deputatlar Palatasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutaraq ölkəmizin ədalətli mövqeyini, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Xarici siyasət 2019-03-20 13:00:00