×
A
A
A
Sazlamalar

Avropada gənclər siyasəti ilə bağlı tədbirdə ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verilib

Bakı, 20 mart, AZƏRTAC 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Hüseyn Məmmədov və NAYORA-nın könüllülər üzrə əlaqələndiricisi Fatimə Vəliyeva Avropa Gənclər Klubları Konfederasiyasının və Avropa Şurasının maliyyə dəstəyi ilə Strasburqda keçirilən “Avropada gənclər siyasəti: bizim əlimizdədir” adlı tədbirdə iştirak ediblər.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi Avropa ölkələrindən olan gənc liderlər və gənclər sahəsində çalışan şəxslərlə gənclər siyasətini müzakirə etmək və bu barədə məlumatlılığı artırmaqdır.
Tədbirdə Avropa Gənclər Klubları Konfederasiyasının təhsil işləri üzrə məsləhətçisi Stefan Çekrk Manevski Avropa Şurasının üzvləri və standartları haqqında iştirakçılara məlumat verib. Sonra gənclər sahəsində müxtəlif məsələlərlə bağlı məlumatın verilməsi məqsədilə interaktiv qrup işi təşkil olunub.
Hüseyn Məmmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, Gənclər və İdman Nazirliyinin səmərəli fəaliyyəti barədə məlumat verib. Fatimə Vəliyeva isə Azərbaycanda Gənclər evləri və mərkəzlərinin könüllülərlə əməkdaşlıq imkanları, mexanizm və metodologiyasından danışıb.
Avropa Şurasının gənclər departamentinin rəhbəri Antje Rothemund Şuranın iş prinsipləri və müvafiq sahə üzrə təcrübələrini bölüşüb. Bu sahədə işin könüllülük fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb.
İştirakçılar qruplara bölünərək təmsil etdikləri ölkələrdə gənclər siyasəti haqqında müzakirələr aparıblar. Həmçinin Avropa Şurasının inzibati binasına təşkil olunan səfər zamanı qurumun fəaliyyət istiqamətləri, iş prinsipləri haqqında ətraflı məlumat verilib.
Sessiyanın sonuncu günü iştirakçıların fəaliyyət planı yekunlaşıb və bununla əlaqədar təqdimatlar keçirilib.

Sosial 2019-03-20 08:45:00