×
A
A
A
Sazlamalar

Qazax rayonunda mineral gübrələrin səyyar satışına başlanılıb

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Qazax rayonunun Alpout kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ilkin olaraq Alpout və ətraf kəndlərdən 20 vətəndaşa 10 tona yaxın mineral gübrə satılıb.
Xatırladaq ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə fevral ayından etibarən azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. İndiyədək bu kampaniyadan Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir rayonlarının sakinləri faydalanıblar.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edirlər. Məqsəd vətəndaşların sərf etdikləri vaxt itkisinin və əlavə məsrəflərin qarşısını almaq, həmçinin istehsalçılar üçün “Aqrolizinq” ASC-nin əlçatanlığını təmin etmək və vətəndaş məmnunluğuna nail olmaqdır.

 

Kənd təsərrüfatı 2019-03-19 20:24:00