×
A
A
A
Sazlamalar

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Abşeron rayonunda yeni istifadəyə verilmiş 1000 ailəlik yaşayış kompleksində keçirilən ilk Novruz şənliyində Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, Milli Məclisin deputatları Mahir Abbaszadə və İmamverdi İsmayılov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digərləri iştirak ediblər.
Novruz bayramı münasibətilə sakinləri təbrik edən Rövşən Rzayev ölkə rəhbərliyinin məcburi köçkünlərə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, müasir tipli yeni qəsəbənin də bunun növbəti təzahürü olduğunu bildirib. Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, həmin ərazilərdə də Novruz tonqallarının qalanacağına əminlik ifadə olunub. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalqımızın əziz bayramı kimi Novruzun beynəlxalq səviyyədə tanınmasında və qeyd edilməsində mühüm xidməti var.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məcburi köçkünləri bayram münasibətilə təbrik edib.
Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən tədbirdə məcburi köçkünlərin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları və eksponatlar nümayiş olunub. İdmançı gənclərin çıxışları da maraqla qarşılanıb.
Tədbir konsert proqramı ilə davam edib.
Bakının Ramana qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində isə Şuşa Şəhər İcra Hakimiyyətinin və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə də bayram şənliyi keçirilib.
Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən söz açılıb, Novruz bayramını xalqımızın tezliklə Şuşada da qeyd edəcəyinə inam ifadə olunub.
Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramı ilə davam edib.
Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyində Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, yerli ziyalılar və ictimai fəallar iştirak ediblər.
Milli geyimli beş çapar qəsəbənin bütün əhalisini bayram tədbirinin keçiriləcəyi əraziyə dəvət edib. Burada şənlik iştirakçılarını Dədə Qorqud və Bahar qız qarşılayıblar. Kosa və Keçəl duzlu-məzəli söhbətləri və zarafatları ilə tədbiri şənləndiriblər.
Tədbir iştirakçıları məcburi köçkünlərə məxsus əl işlərindən ibarət sərgiyə, tətbiqi sənət nümunələrinə baxıblar.
Bundan başqa, qəsəbədəki idarə, müəssisə və təşkilatların kollektivlərinin hər biri özünün Novruz süfrəsini hazırlayıb. Novruz bayramının adətlərindən olan xoruz döyüşdürmək, ənzəli və dirədöymə oyunları böyük maraqla qarşılanıb.
Tədbir Muğam Televiziya Müsabiqəsi qaliblərinin və Kəlbəcər aşıqlarının konsert proqramı ilə başa çatıb.

Cəmiyyət 2019-03-19 20:07:00