Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Baharın gəlişi Zaqatalada böyük coşqu ilə qeyd olunub

Zaqatala, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın ən əziz bayramlarından olan Novruz Zaqatala rayonunda da böyük coşqu ilə qeyd olunub. Zaqatalalılar baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli birliyimizin rəmzinə çevrilən bu el bayramı münasibətilə martın 19-da Zaqatala şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumrayon bayram şənliyi keçirilib.
Tədbirin əvvəlində Dədə Qorqud və Bahar qız “Cəngi” sədaları altında meydana daxil olaraq, şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin tədbir iştirakçılarına Novruz təbrikindən sonra meydanın ortasında qurulan bayram tonqalı alovlandırılıb.
Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil olunan xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, əmək kollektivlərinin, ayrı-ayrı kəndlərin hazırladıqları bayram guşələrinə baxıb, el sənətkarlarının əl işləri, habelə milli mətbəx nümunələri ilə tanış olublar. Pəhləvanların çıxışları bayram tədbirinə ayrıca ovqat qatıb.
Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Novruzun personajları olan Kosa və Keçəl tədbir boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.
Bayram tədbirində rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin ifasında konsert proqramı nümayiş olunub.

Regionlar 2019-03-19 19:46:00