×
A
A
A
Sazlamalar

Bölgələrdə Novruz sevinci yaşanıb

Qobustan, 19 mart, AZƏRTAC 

Martın 19-da Qobustanda ulu qaynaqlardan süzülüb gələn bayramlar bayramı Novruzun böyük sevinci yaşanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram təntənəsi rayon idman kompleksinin önündə Novruz tonqalının alovlandırılması ilə başlanıb.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək geniş ictimaiyyəti bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, Novruz xalqımızın ən sevimli bayramıdır. Əsrlər boyu yurdumuzda bu bayram təntənə, coşqu ilə qeyd edilib. Azərbaycanda hər il mart ayında qeyd olunan xonçalı, xoş qədəmli, ruzi-bərəkətli Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub.
Sonra Novruz şənliyi başlanıb. Bədii özfəaliyyət dərnəyinin, rəqs qruplarının, müğənnilərin çıxışları şənliyə xüsusi təravət gətirib. Qədim zamanlardan süzülüb gələn Novruz adət-ənənələrinin rəmzi olan Bahar qızının gəlişi, bayram süfrələri, sərgilər, kosa və keçəlin şən zarafatları iştirakçılarda xoş təəssürat yaradıb.

* * *

Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruzun gəlişi Göyçayda təntənə ilə qeyd olunub.
Bayramsayağı bəzədilən şəhər mərkəzində təşkil olunan şənlikdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bayram münasibətilə rayon sakinlərini təbrik edib, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruzun özünəməxsus yeri olduğunu söyləyib. İcra başçısı vurğulayıb ki, bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Sonra şənlik başlanıb. Kənd icra nümayəndəliklərinin, bələdiyyələrin, təhsil və səhiyyə işçilərinin təşkilatçılığı ilə hazırlanan rəngarəng Novruz sərgilərinə baxış olub. Rayon mədəniyyət evinin, uşaq musiqi məktəbinin kollektivlərinin, idmançıların və kəndirbazların çıxışları şənliyə xüsusi təravət gətirib.
Bayram tədbiri rayon mədəniyyət evinin təşkil etdiyi rəngarəng konserti proqramı ilə davam edib.

* * *

Kürdəmirdə Novruz bayramı münasibətilə təşkil olunan el şənliyində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və ziyalılar, gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri, rayonda məskunlaşan məcburi köçkün və qaçqınlar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Novruz bayramı münasibətilə sakinləri təbrik edərək vurğulayıb ki, xalqımızın müqəddəs bayramı olan Novruz hər gəlişi ilə ürəklərə hərarət, könüllərə təravət gətirir. Soyuq qış aylarından sonra təbiətin oyanışı, dağ və yamacların yaşıl örpəyə bürünməsi insanlarda həyat eşqini daha da artırır. Belə bir vaxtda hər kəsin ürəyində bir arzu baş qaldırır ki, o da gündən-günə çiçəklənən müstəqil Azərbaycanı bundan sonra da firavan görmək.
Sonra şənlik başlanıb. Ayrı-ayrı yaşayış məntəqələrinin, o cümlədən Karrar, Köhünlü, Cəyli, Xırdapay, Mollakənd, Carlı, Muradxan və digər kəndlərin sakinlərinin təşkil etdikləri sərgilərdə nümayiş etdirilən Novruz atributları – şirniyyat, səməni, məişət əşyaları və sair şənliyə xüsusi təravət gətirib. Xalça toxuyan, cəhrə əyirən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları maraqla qarşılanıb. Kosa və keçəlin şən zarafatları, xalq rəqsləri, pəhləvanların çıxışları, gənclərin qol güclərini nümayiş etdirmələri iştirakçılarda əsl bayram ovqatı yaradıb.
Bayram mərasimi incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.

* * *

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan Novruz bayramı İsmayıllı rayonunda da coşqu ilə qeyd olunub.
Təbiətin şıltaqlığı şəraitində bayram təntənəsi Heydər Əliyev adına mədəniyyət mərkəzində yaşanıb. Mərkəzin foyesi, iclas zalı milli bayram ruhunda bəzədilib. Bayram xonçalarından, kənd təsərrüfatı, sənaye məhsullarından, əl işlərindən və səmənidən ibarət sərgilər şənlik iştirakçılarına xüsusi zövq verib. Folklor qruplarının foyedə çıxışları olub.
Novruz şənliyi mədəniyyət mərkəzinin iclas zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Novruzun gəlişi münasibətilə İsmayıllı sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmək arzularını ifadə edib.
Şux bayram rəqsləri, folklor qruplarının, Kosa və Keçəlin çıxışları, rəngarəng mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsimi obrazının səhnəyə gəlişi xüsusi maraq doğurub. Nəsiminin həyatsevərliyi, əqidəsindən dönməmək əzmi, yüksək mübarizə ruhu bu təqdimatda yüksək səviyyədə əks olunub, bahar şənliyinə xüsusi rəng qatıb. Ölkə Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin şairin xatirəsinə ehtiram əlaməti olduğu vurğulanıb. Prezidentin milli adət-ənənələrimizə, mədəniyyətimizə, sözə, yaradıcılığa, ədəbiyyata verdiyi dəyərin növbəti nümunəsi olduğu diqqətə çatdırılıb.
Tədbir bayram tonqalı ətrafında davam etdirilib.

Regionlar 2019-03-19 18:08:00