×
A
A
A
Sazlamalar

Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək

Paris, 19 mart, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının, eləcə də ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi perspektivlərinin mövcudluğunu bir daha xatırlatdı. Bu səfər çərçivəsində çox mühüm sazişlər – “Thales” şirkəti və Bakı Metropoliteni, Mərkəzi Bank və Rotschild & Cie bankı, eləcə də Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında sazişlər imzalandı. Çox şadıq ki, MEDEF İnternational ilə sıx əlaqələri olan Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycanla işləyəcək.
Bu fikirləri MEDEF İnternationalın baş direktoru Filip Qotye AZƏRTAC-a müsahibəsində söyləyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərinin əhəmiyyətini xüsusi vurğulayan F.Qotye 2019-cu ilin ikitərəfli əlaqələrin inkişafı baxımından zəngin il olacağından xəbər verdiyini bildirib.
“Azərbaycanla sıx və zəngin əlaqələr qurulmasını arzulayırıq. Ümid edirik ki, tezliklə Fransa tərəfindən Azərbaycana yüksək səviyyəli səfərlər reallaşacaq. MEDEF İnternational olaraq, biz ikitərəfli iqtisadi əlaqələrin inkişafına maksimum töhfələr verməyə çalışacağıq. Digər layihələrlə yanaşı, istərdik ki, Bakıya fransız şirkətləri nümayəndələrinin ən yüksək səviyyəli tarixi səfərini də reallaşdıraq. Bu barədə tezliklə rəsmi məlumat verəcəyik”, - deyə F.Qotye bildirib.
Baş direktor Azərbaycanda öz bürolarını açmaq istəyən yeni müəssisələr və sərmayəçilərin iştirakı ilə əlaqələrin şaxələndirilməsinin, eləcə də Avropa bazarlarına məhsullarını çıxaracaq Fransa-Azərbaycan birgə müəssisələrinin yaradılmasının çox vacib olduğunu diqqətə çatdırıb.
F.Qotye deyib: “Çalışmalıyıq ki, azərbaycanlı sərmayəçiləri də Fransaya cəlb edək. Ümid edirəm ki, 2019-cu il ikitərəfli əlaqələr sahəsində ən zəngin, məhsuldar il olacaq”.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2019-03-19 18:00:00