×
A
A
A
Sazlamalar

Uroloq: Hazırda böyrək daşları demək olar ki, kəsiksiz çıxarılır

Bakı, 19 mart, AZƏRTAC
Müasir texnologiyalar tibb sahəsində xeyli irəliləyişin yaranmasına səbəb olub. Əvvəllər uzun-uzadı, böyük kəsiklərlə aparılan böyrək əməliyyatları hazırda daha kiçik kəsiklərlə və ya kəsiksiz icra edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin uroloqu Emin Məmmədov deyib.
Uroloq bildirib ki, müasir texnologiyanın inkişafı cərrahiyyədə dəyişiklərə səbəb olub: “Minimal invaziv cərrahiyyənin inkişafının səbəbi texnologiyadır. Texnologiyanın inkişafı cərrahi müdaxilələrin keyfiyyətli icrasına imkan verir. Bu, əməliyyatda istifadə olunan optik linzaların təkmilləşdirilməsi və ya əməliyyatda istifadə etdiyimiz alətlərin ölçülərinin daha da kiçilməsi ilə bağlıdır. Biz bunlar sayəsində daha kiçik kəsiklərlə və ya kəsiksiz əməliyyatları icra edə bilirik. Nümunə üçün deyə bilərəm ki, illər əvvəl sidik axarı daşlarını, böyrək daşları əməliyyatlarını böyük kəsiklərlə aparırdıqsa, indi onları heç bir kəsik olmadan aparırıq. Prostat əməliyyatı da əvvəllər böyük kəsiklərlə icra edilirdi. İndi isə tur prostat əməliyyatında olduğu kimi heç bir kəsik olmadan aparılır. Eləcə də böyrək şişinin çıxarılması 20 santimetrə yaxın kəsiklərlə icra olunurdu, indi isə cəmi 3 ədəd 1 santimetrlik kəsiklərlə aparıla bilir. Klinikamızda da bunlar icra olunur. Amma təbiidir ki, bu metod hər xəstəyə şamil edilmir. Xəstəyə və xəstəliyə uyğun invaziv yol seçilir. Yəni bəzi hallarda hələ də açıq cərrahiyyədən istifadə olunur”.
Mütəxəssis bildirib ki, böyrək daşları Azərbaycanda, həmçinin Türkiyədə çox rast gəlinən sağlamlıq problemlərindən biridir: “Ölkəmizdə bu problem əhalinin təxminən 10 faizində rast gəlinir. Uroloji problemlər hər yaş həddini əhatə edir. Lakin prostat 40 yaşdan sonra daha çox müşahidə olunur. Tur prostat əməliyyatı urologiyada orta çətinlikli bir əməliyyat növü kimi qəbul edilir”.

 

Sağlamlıq klubu 2019-03-19 17:59:00