×
A
A
A
Sazlamalar

Baharın gəlişi münasibətilə Qarabağ bölgəsində el şənlikləri keçirilib

Ağcabədi, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə Qarabağ bölgəsində müxtəlif el şənlikləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərindəki Olimpiya İdman Kompleksində təşkil olunan Novruz şənliyi əsl el bayramına çevrilib. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ağcabədililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb.
Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb. Bayram şənliyində tonqal alovlanıb, milli adət və ənənələrimiz, folklorumuz nümayiş etdirilib.
Bahar qızı və Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb.
                                                                X X X
Xocavəndli məcburi köçkünlər 27 ildir ki, baharın gəlişini doğma yurdlarından kənarda - müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə qarşılayırlar. Xocavəndlilər köçkünlük həyatına, çətinliklərə baxmayaraq, xalqımızın Novruz bayramı ilə bağlı qədim ənənələrini yaşadır, yeni nəslə ötürürlər.
Xocavənd qəsəbəsində bayramsayağı bəzədilmiş meydanda xonça və səmənilər düzülüb, Novruz atributları, misgərlik əşyaları, qədim xalçalar, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Əllərində baharın simvolu olan yaşıl səmənilər, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəqs edib, Kosa və Keçəlin şən zarafatları əsl bayram ovqatı yaradıb. Tədbirdə Novruz tonqalı yandırılıb, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər nümayiş etdirilib, idmançılar məharətlərini göstəriblər. İncəsənət ustalarının ifa etdikləri rəngarəng musiqi nömrələri məcburi köçkünlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
                                                                 X X X
Laçınlı məcburi köçkünlər baharın gəlişini müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində qeyd ediblər.
552 ailəlik qəsəbədə təşkil edilən bayram şənliyində Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. Laçınlı qız-gəlinlər cəhrədə ip əyirib, yun darayıb, sac üstündə qovurğa qovurub, yuxa bişiriblər.
Tədbirdə Novruz tonqalı alovlandırıb, Dədə Qorqud bayram iştirakçılarına təbriklərini çatdırıb.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edib, növbəti bayramları işğaldan azad edilmiş doğma Qarabağımızda qeyd etməyi arzulayıb.
Kosa və Keçəlin zarafatları, müxtəlif oyun və səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaradıb. Rayonun musiqiçilərinin ifa etdikləri rəngarəng musiqi nömrələri məcburi köçkünlərə və mərasimdə iştirak edən N saylı hərbi hissənin əsgərlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Regionlar 2019-03-19 17:42:00