Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kəngərli rayonu – 15 illik tarix, min illik inkişaf

Kəngərli, 18 mart, AZƏRTAC

Yeni rayonun yaradılması bölgənin yüksəlişinə təkan verib

Kəngərli rayonu 15 il əvvəl – 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb.

Qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar, Yurdçu, Xok, Qıvraq, Şahtaxtı, Qabıllı və Yeni Kərki, Babək rayonunun isə Böyükdüz, Çalxanqala, Xıncab kənd inzibati ərazi dairələrini əhatə edən ərazilər yeni yaradılmış rayona daxil edilib. Qanunun digər bəndinə görə Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib.
Kəngərli rayonunun yaradılmasından iki il sonra – 2006-cı ilin iyul ayında rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.

Tarixdə kəngərlilər

Ölkəmizin inzibati-siyasi xəritəsində kiçik bir yer tutan Kəngərli bölgəsi ta qədim zamanlardan özünün maddi-mədəniyyət nümunələri, əvəzsiz tarixi-memarlıq abidələri, Vətəninə sədaqətli elm, mədəniyyət, hərb xadimləri ilə daim seçilib.

Kəngərli rayonu qədim kəngərlilərin məskunlaşdığı ərazidə yaranıb. Bəzi tarixçilərin apardığı araşdırmaların nəticəsində ilk dəfə yazını yaradan, bəşəriyyətin ilk sivilizasiyasını yaradan Şumerlərin davamçıları da hesab edilən Kəngərli tayfaları Naxçıvanda Şərur rayonunun (hazırda Kəngərli rayonu) ərazisində Arazboyu maili düzənlikdə daha sıx məskunlaşıblar.
Kəngərlilər qədim türkdilli tayfalardandır. “Kəngər” sözü Aral və Baxış gölləri arasında ortaya çıxıb. Kəngərli tayfalarının bir qismi IV-V əsrlərdə Hunların tərkibində Azərbaycana gəlib.
XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin və XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olub. Bu dövrdə Səfəvi şahları Naxçıvan diyarının idarə edilməsi hüququnun özlərinin ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına veriblər. Əsası 1747-ci ildə Heydərqulu xan Kəngərli tərəfindən qoyulan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm yer tutub.
İndiki Kəngərli rayonu ərazisi kəngərlilərin yaşadığı qədim ərazi Arazboyu düzənlikdən şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bura həm də Kəngərli düzü adlanır. Rayon şimal və şimal-şərqdən Dərələyəz dağ silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir.
Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir. Rayonun Qarabağlar kəndində yerləşən Qarabağlar türbəsi əsrlərdir, tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalmışdı, abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi bərpa edilərək xalqımıza yenidən bəxş edildi.
Kəngərlilər tayfasının Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rolu olub. Səfəvilər dövlətinin dövründə Kəngərlilər dövlətin daxili və xarici siyasətində və işlərində fəal iştirak ediblər. XVIII əsrin II yarısında Kəngərli hakimlərinin əksəriyyəti Azərbaycanda yüksək titullar daşıyıb.
Kəngərlilərin tarixini qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gerçəkləşdirib. 2004-cü ildə Kəngərli rayonunun yaradılması bunun ən bariz nümunəsidir.

Kəngərli rayonunda bütün kəndlər abadlaşdırılıb

Muxtar respublikamızda aparılan davamlı quruculuq işləri paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib, insanların rahat yaşayış şəraiti təmin edilib. Bu yaxınlarda yolumuzu Kəngərli rayonuna salanda, biz burada da əhalinin firavanlığı üçün görülmüş kompleks işlərin şahidi olduq. Bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri gördük, zəhmətkeş kəngərlilərin günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olduq.

Bu gün qürurla deyə bilərik ki, Kəngərli rayonunun abadlaşmayan bir kəndi belə, qalmayıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu abad və füsunkar bir yurd yerinə çevirib.
Burada olarkən Kəngərli rayonunun əvvəlki görkəmini də xatırladım. Düşünürdüm ki, qısa zaman kəsiyində gör necə böyük işlər görülüb. Bütün bunlar böyük zəhmət, fədakarlıq, vətənsevərlik, işgüzarlıq tələb edir. Məhz həmin amillərin təsiri ilə Naxçıvan tarixində mühüm izi olan kəngərlilərin adını yaşadan bu bölgəmiz başdan-başa abad, möhtəşəm bir yurd yerinə çevrilib.

Hər il Kəngərlinin quruculuq xəritəsinə yeni ünvanlar əlavə olunur

Qədim Naxçıvanın hansı ünvanına – istər rayon mərkəzlərinə, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə qədəm qoysaq, quruculuğun bəhrələrini görərik. Son 24 ildə Naxçıvanın bütün yaşayış məntəqələrində müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması Kəngərli rayonunu da əhatə edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq yenidən qurulan yol, yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verib. Uzunluğu 39 kilometr olan və 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırıb. Eyni zamanda, Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonundan keçən hissəsi 2010-cu ildə istifadəyə verilib. Bundan əlavə, rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq və abadlıq işləri aparılıb, bütövlükdə, 79,9 kilometr yeni yol salınıb, 6 körpü, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub.
Quruculuq işləri bununla yekunlaşmayıb. Ötən illər ərzində, ümumilikdə, 5 min 382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Rayon ərazisində 5 su nasos stansiyasının, eləcə də 1140 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması, Böyükdüz kəndində toxumçuluq təsərrüfatının yaradılması yüzlərlə hektar əkilməyən torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olub.
Rayon mərkəzi Qıvraq qəsəbəsində də geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib.
Bu il 7 mart tarixi isə Kəngərli rayonunun ictimai həyatında növbəti mühüm tədbirlə yadda qalıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə rayonun yaranmasının 15-ci ildönümü qeyd olunub, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub. 7 mərtəbəli, 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir.
Qıvraq qəsəbəsindəki həmin yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunub. Binanın ilk sakinlərinin Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslər olması əhəmiyyətlidir. Çünki dövlət qayğısı ilə tikilmiş binanın ilk sakinləri dövlət qarşısında xidməti borclarını ləyaqətlə yerinə yetirmiş insanlardır.
Rayon statuslu inzibati ərazi vahidlərinin təşkili idarəçilik mexanizmlərinin yaradılması və formalaşdırılmasına əsaslanmaqla uzun illərin sərf olunduğu bir prosesdir. Ötən dövr onu göstərdi ki, Heydər Əliyev siyasi yolunun layiqincə davam etdirilməsi muxtar respublikada istənilən layihənin həyata keçirilməsinə imkan verir. Bu fikrin təsdiqini biz bu gün Kəngərli rayonunun simasında bir daha görürük. Çünki Kəngərli rayonu müstəqillik dövründə muxtariyyət tariximizin ən böyük layihəsidir.

Sənaye, kənd təsərrüfatı və digər mühüm sahələrdə böyük nailiyyətlər əldə edilib

Müasir dövrdə sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri də sənayenin və kənd təsərrüfatının inkişafıdır. Bu iki sahədən biri inkişafdan geri qaldığı zaman həlli çətinləşən ciddi problemlər ortaya çıxır. Ona görə də bir sıra qabaqcıl ölkələrdə sənayenin və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirirlər. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda bu məsələ daim diqqət mərkəzindədir. Sənayenin şəhərlərlə yanaşı, bölgələrdə qurulması yeni iş yerlərinin yaradılmasına da öz töhfəsini verir. Bu baxımdan Kəngərli rayonunun həyata keçirilən tədbirlər təkcə bu sahələrdə deyil, digər sahələrdə də əldə edilən nailiyyətlər daha çox diqqəti cəlb edir. Belə ki, rayonda sənaye məhsulu 16, kənd təsərrüfatı məhsulu 7, investisiya qoyuluşu 50, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artıb. Ötən 15 ildə Kəngərli rayonunun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatmasıdır. 

Rayonun yaradılmasının 15-ci ildönümündə sakinlərlə görüşündə Ali Məclisin Sədri rayonun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq deyib: “Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır”.
Ali Məclisin Sədri çıxışında rayonun formalaşmasında hər bir sakininin də əməyi olduğunu, dövlət qayğısı və birgə fəaliyyətin rayonun inkişafını təmin etdiyini vurğulamışdır.

Rayon sakinləri onlara göstərilən qayğıdan və nümunəvi xidmətdən razıdırlar

Rayona gəlmişkən sakinlərlə də söhbət etdik. Rayon sakinlərindən Feyzulla Əliyev, Tofiq Rüstəmov, Mehman Mehdiyev və digərlərindən öyrəndik ki, bütün təşkilatlarda əhaliyə nümunəvi xidmət göstərilir, hər kəsin probleminin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da əhali tərəfindən yüksək dəyərləndirilir, insanların qurub-yaratmaq əzmini artırır. 

Rayon sakinləri Kəngərlidə insan amilinin daim diqqət mərkəzində olduğunu bildirdilər. Onlar qeyd etdilər ki, insana qayğını özündə təcəssüm etdirən bu inkişaf Kəngərli rayonunun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, yeni istehsal müəssisələri yaradılıb, iş yerləri açılıb. Bu il fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilməsi, Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusunun qazılması, Qıvraq qəsəbəsində yeni istirahət parkının salınması, Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsinin qurulması istiqamətində işlərin davam etdirilməsi də dövlətimizin sakinlərə göstərdiyi böyük diqqət və qayğının ifadəsidir.
Rayondan ayrılarkən gördüklərimin sevincini yaşayırdım. Qəlbim fərəhlə dolu idi. Yolboyu əkilən tingləri, salınan yaşıllıqları, inkişaf edən ağacları gördükcə düşünürdüm ki, kəskin kontinental iqlimə malik olan Naxçıvanda və onun Kəngərli rayonunda bir ağac yetişdirmək, bir insanı boya-başa çatdırmaq qədər diqqət tələb edən bir işdir. Bu, vətənsevərlik, yurda bağlılıq, qurub yaratmaq əzmi, böyük zəhmət, fədakarlıq tələb edir. Kəngərli rayonu da məhz bu diqqətin, qayğının nəticəsində 15 ildə min ilə bərabər, bəli, məhz min ilə bərabər bir inkişaf yolu keçib. Çünki Kəngərli tarixinin heç bir dövründə bu qədər abad, bu qədər gözəl olmayıb. Bütün bunlara görə rayon sakinləri Qurucu Rəhbərimizə daim minnətdarlıq duyğuları bəsləyirlər.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Regionlar 2019-03-19 17:26:00