×
A
A
A
Sazlamalar

Novruz bayramı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub

Tbilisi, 19 mart, AZƏRTAC

Novruz bayramı Tbilisidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Tbilisi şəhər sakrebulunun sədri Giorgi Tkemaladze, Tbilisinin vitse-meri İlya Eloşvili, Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.
Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət xadimi Leyla Əliyeva meriya və sakrebulonun rəhbərliyinə M.F.Axundzadə barədə məlumat verib, böyük ədib və dramaturqun xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb.
Tədbir iştirakçıları muzeydə Azərbaycan xalçaları, musiqi alətləri və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Bahar qızı qonaqları şən və oynaq Azərbaycan musiqisi ilə qarşılayıb.
Muzeyin direktoru L.Əliyeva Novruz bayramının tarixindən, baharın gəlişi ilə əlamətdar olan bu bayramın əsrlərdir Gürcüstanda qeyd olunması ənənəsindən danışıb. Bildirib ki, Novruz bayramının yerli azərbaycanlılarla yanaşı, gürcülər də böyük sevinclə qeyd edirlər.
L.Əliyeva Tbilisi Meriyası və Şəhər Şurasının rəhbərliyinə tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirib.
İlya Eloşvili çıxış edərək Novruz bayramı münasibətilə Azərbaycan xalqını və bu bayramı qeyd edən hər bir şəxsi təbrik edib, ən xoş arzularını çatdırıb. Azərbaycanlılara bol sevinc, ruzi-bərəkət, çiçəklənmə və xoşbəxtlik arzulayıb.
Vitse -mer deyib ki, Tbilisidə Novruz bayramı hər il təntənəli şəkildə qeyd olunur və bu ənənə bundan sonra da əsrlər boyu davam edəcək.
Sakrebulun sədri G.Tkemaladze də Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, tədbirdə iştirakdan məmnunluğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Vüqar Mustafayev çıxış edərək ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən, bayram və digər əlamətdar hadisələrin hər iki xalqın birgə iştirakı ilə qeyd olunmasından razılıqla danışıb. Diplomat xalqlarımız arasındakı münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini vurğulayıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, hər iki xalqa firavanlıq və əmin-amanlıq arzulayıb.
Digər çıxış edənlər də xalqımızı Novruz bayramı münasibətilə təbrik ediblər.
Daha sonra İ.Eloşvili və G.Tkemaladze və digər qonaqlar yumurta döyüşdürüb, Novruz şirniyyatlarından dadıblar.
Şənlik çərçivəsində muzeyin qarşısındakı bağda Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub.
Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi Məktəbinin kollektivi Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.
Konsert şəhər sakinlərinin də marağına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2019-03-19 17:19:00