×
A
A
A
Sazlamalar

Baharda göyərən ümidlər

Bakı, 19 mart, AZƏRTAC
Bir ufacıq bahar nəsiminin üz-gözümüzü oxşayacaq, ruhumuzu, ovqatımızı təzələyəcək ətri ilə günlərdi həyəcanlı duyğular yaşayır, yaza bir könül dolusu “xoş gəldin” deyib, sevincimizi bölüşməkdən ötrü yollara boylanırıq. Bəs, pəncərəmizin qarşısında, səkilərin kənarında günəşə boylanan qovaqların, saçları pərişan söyüdlərin düymə tutan yaşıl puçurları, gah çiskinli, gah günəşli, gah da təbiətə ələnən narın yağışlı günləri, bəzən xəfif, bəzən də güclü əsən səba yelinin gətirdiyi ilıq, dəymədüşər növrağı yazın gəlişini pıçıldamırmı... İlk baharın nəfəsi ilə el-obanı salama gələn Su çərşənbəsindən bu yana təbiətin təzəcə toxumağa başladığı tər libası, “Od”un gennən duyduğumuz hərarəti, “Yel”in xoş rayihəsi, Ana torpağın bətnindən boy göstərən sısqa cücərtilər, bağçalarda yanağı çatlayan güllər, alça, ərik ağacının ağ çiçəkləri, uzun qış gecələrinin yuxusundan silkinib oyanan Ana torpağın ətri böyük arzularla, ümidlərlə döyünən qəlbimizi müjdələmirmi... Bax, indicə, bu dəqiqələrdə elimizin, obamızın təzəlik ayı, təbiətin Yaz mələyi, Novruz bayramı təzəcə əyninə aldığı yaşıl libasında könlümüzü salama gəlir...
El arasında mart çıxdı, dərd çıxdı deyirlər. Yəqin bunu da ayın dəyişkən, dəymədüşər havalarına görə yozublar. Axı, yazla qışın ölüm-dirim savaşıdı bu mart ayı. Nə olur-olsun, nə deyirlər desinlər, mart yaz aylarının ilki kimi təbiətin oyanış çağı, istəklərimizin qönçə ayıdır. Elin-günün təzəlik ayı, mənə görə bayramların gözəli olan Novruzu bizə bəxş edən aydır.
İllərdi yazı ömrümüzün, günümüzün sozalmayan sevgisi, qəlbimizin ən böyük sevinci sanmışıq. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb illərə könül vermişik. Bahar qızıyla qol-boyun olduğumuz çağlarda ona söz-söz istəklərimizi pıçıldamışıq...
Mən yazın gur işığını, bu işığın düşüncəmə gətirdiyi hərarətini hələ uşaqlığımdan duymuşam. Yeniyetmə çağlarımda ilk yazın bağçamıza gətirdiyi gözəllik bir aləm idi. O zaman təbiəti bəzəyən güllər içində hər kəsi heyran edən qızılgülə aşiqdim. Ləçəkləri şeh damlalarında, səhər şəfəqlərində nurlanan qızılgülə. Bu şahanə gülə vurulduğum zamandan əlimə qələm almışam, ilk baharda anamı vəsf etmişəm. Anamın əllərinin istisini yazın nəfəsində duymuşam. Onu düşüncəmin doğurduğu ilk sözümlə vəsf etmişəm: “Nəfəsimdə ilk baharın havası, Başım üstə doğma vətən səması, Ay anacan, cansıza da can verər, Əllərinin bir quruca təması” demişəm. Bu bənzətməm şeir olmasa da, yeniyetmə çağlarımda duyğularımın tərcümanı idi.
Nostalji duyğularla pəncərədən ətrafa boylanıram. Hər tərəf dumanın, çənin içindədir. Küləyin vıyıltısı səhər çağını başına alıb. Amma mən bu dumanın, çənin arxasından indicə ətrafı nurlandıracaq şəfəqi görürəm. Küləyin soyuq səsinin arxasından baharın xoş nəsimini duyuram. Ağac dibində, səki kənarlarında, daşların arasından sıyrılıb çıxan sısqa cücərtilərin ətrini duyuram... İllərdi yazı ömrümün, günümün sozalmayan sevgisi, qəlbimin sultanı sanmışam. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb, illərə könül vermişəm. Bu Bahar qızıyla sirdaş olub, ülfət bağlamışam. Bir kəsə söyləmədiklərimi onun ilk nübarı – göyərən otlara, yanağı çatlayan güllərə, çiçəklərə, yaşıllaşan ağaclara söyləmişəm, onunla xısın-xısın, xəfifcə bölüşmüşəm... Bu, yeniyetmə çağlarımda ilk yazın bir udum havasından, bir əlçim yaşıllığından, bir qom bənövşəsindən, bir sısqa çiçəyinin ətrindən, bir qurtum şirinliyindən ilham aldığım günlərdə qəlbimdə puçurlanan istəklərimin pıçıltılarıydı...
Hər gələn yaz özünün gücü, qüdrətiylə taleyimizdən keçən soyuqları, qasırğaları bizdən uzaqlaşdıra, qova bilir. Dərdli-ələmli sıxıntılarla baş-başa qaldığımız vaxtlarda belə, yaz ovqatımıza göy qurşağının tər-təzə rənglərini çiləyir, qəlbimizə özünün işığın saçır. Gözümüz-könlümüz təzələnir. Hər yazın gəlişi hamıya, hər kəsin həyatına xoş müjdələr gətirir. Bu da yazla birgə insan ümidlərinin pöhrə tutması, göyərməsidir.
Bu yazın gah çiskinli, gah günəşli, gah da küləkli günlərində torpağın sinəsindən boy göstərən, ətri ilə ruhumuzu təravətləndirən güllərin, çiçəklərin gözəlliyinə bir aşiq sevgisilə qucaq açır, doğmalarla, yaxınlarla bu füsunkarlığı bölüşürük. Ümidlər də, sevgi-sevinclər də yazın bu çağında, bu növrağında yolumuza şəfəq saçır...
Bəs, uzaq illərin o tayında qalan baharın ilk çağında babalarımız onu necə qarşılayırdı? Bu səhər vaxtilə ahıllarımızdan eşitdiyim söhbətləri, el-obanın yaz günlərinin xoş qayğıları ilə yaşadıqları həyat xatirələrimi közərdir... Şaxtalar sınıb, bağ-bağçaların ağ örpəyi əriyəndən, torpağın sinəsindən boy göstərən bənövşələr gözlərini açandan insanlar da sanki təzələnir, yenidən doğulurmuş kimi şirin arzular, ümidlərlə yaşayırdılar. Bu növrağa əsrarəngizlik qatan güllərin nazlana-nazlana ətir saçması qəlblərini yaz sevinci, hərarəti ilə doldururdu. Aylardan bəri çılpaqlaşmış ağacların tumurcuq bağlayan budaqları öz təravəti ilə istəklərinə təzəlik qatırdı. Beləcə, yazın həniri eşidiləndən adamlar həyət-bacada qaynaşırdı. Axır çərşənbədən bir ara sonra el əl-ayağa düşür, yaylağa köç hazırlığı başlanır, nə başlanırdı. Əl kirkirələri işə düşür: Un üyüdülür, yarma, qovut çəkilir, əriştə kəsilirdi. Qız-gəlinlər hələ uzun qış günlərindən hanalarda başladıqları palazların, kilimlərin axırıncı ilmələrini vururdular. Yır-yığış arası özlərinə allı-güllü, butalı-xonçalı parçadan don da tikirdilər.
Arabaçılar da əl-ayağa düşürdülər. Təkərləri şinləyir, çağları bərkidir, qolları çüyləyir, oxları yağlayırdılar. Xülasə, bütün əyər-əskiyini düzəldərək arabaları saz hala gətirirdilər. Köçhaköç vaxtı arabaların içərisinə qız-gəlinlərin toxuduğu kilimlərin siftəsini salırdılar.
İş-gücdən macal tapan ağsaqqallar kəndin ortasında, bulağın səmtində məsləhət-məşvərətə yığışırdılar ki, yaylağa nə vaxt köç eləsinlər. Gün təyin edərdilər. Vədə yetişən vaxtda hava işıqlanar-işıqlanmaz köç yola çıxardı. Yaylağa qalxan yollarda küllü-külfətin dincəlməsindən ötrü düşərgə salan kişilərin rahatlıq yaratması, lalə donlu qız-gəlinin bir qarış boyunca qalxmış çəmənliyin arasından deyə-gülə bənövşə yığması bir başqa aləm idi...
Bu sətirləri qələmə alanda ömrünü-gününü gözəl yaylaqlarda keçirən köçkün həmvətənlərimizin halını duyuram... Doğmaca yurdlarından ayrı düşmüş soydaşlarımızın həsrətini, itkisini necə hiss etməyəsən! Bax, bu yazın həniri duyulan indiki anlarda Göyçə dərdiylə qovurulan göyçəlilərin gözlərində yaşaran ayrılığa necə göynəməyəsən... Hələ ki, düşmənə qalmış cənnət Qarabağımızın xarıbülbülünə tamarzı qalan doğmalarımızın qaysaq bağlamayan yaralarına necə ağrımayasan...
Bu yazın üz-gözümüzə sığal çəkdiyi bir vaxtda ata-baba yurdlarımızı, gözəl yaylaqlarımızı, eh... itirib hələ də unuda bilmədiyimiz adlı-sanlı yerlərimizi yada salıram. Bilirəm, o yerlərin yal-yamacı, dağları, qayaları, buz bulaqları, düz-düzəngahları doğmalarının isti nəfəsindən ötrü qəribsəyib. O yerlərin indilərdə göyərmiş torpağı da, tumurcuq bağlayan ağacları da ətrafına boylana-boylana qalıb. Xırdaca pöhrələri, yanağı çatlayan qönçələri, qayğıkeş Vətən övladlarının sevgi dolu baxışlarına, isti əllərinə tamarzıdı...
Amma həmişə qəlbimizdə xalqımızın xoş gələcəyinə inamımız olub. Axı, hər gələn yaz özü ilə elimizə, obamıza xoş müjdələr gətirir. Ruhumuzu təzələyir. Ömür-günümüzün təzəlik içrə keçən günləri yaddaşımıza o qədər istəklər, sevgilər naxışlayır ki. Bunlar yazla birgə insan ümidlərinin göyərməsi, arzularının böyüməsi, kamala yetməsi, murada çatması deyilmi...
Pəncərələrinizi taybatay açın, ilimizin, günümüzün nazlı qızı Bahar öz hüsnü, gözəlliyi, yamyaşıl ümidləri ilə elimizi salama gəlib...

Şəfəq Nasir,
yazıçı, publisist

Mədəniyyət 2019-03-19 17:03:00