Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qarabağda atüstü oyunların yaşadıldığı kənd VİDEO

Ağcabədi, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən biridir. Hələ ta qədimdən at insanın sədaqətli yoldaşı olub. İgidlərimiz atla döyüşə gedib, yurdumuzu düşməndən müdafiə edib, ad-san qazanıblar. Sonradan cıdır yarışları təşkil edilib, çövkən, sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, gərdəkqaçırdı kimi atüstü oyunlar populyarlaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda keçirilən atüstü oyunlardan ən məşhuru çövkəndir. Min illər ərzində igidlərin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb. Bu oyunda gənclər fiziki cəhətdən möhkəmlənir, at üstə müxtəlif hərəkətlər icra etməklə döyüş hazırlığını yüksəldirlər. Çövkən oyununda iştirak edən gənc bir əli ilə çövkən ağacı vasitəsilə topu vurur, digər əli ilə isə atı idarə edir – onu sağa, sola, geriyə döndərir, qəfildən dayandırır və ya irəli çapır. Musiqinin müşayiəti ilə keçirilən çövkən oyununda atlılar iki dəstəyə bölünür. Əsas məqsəd topu dəyənəklə - çövkənlə rəqib qapısından keçirməkdir. Əsasən müxtəlif tədbirlərdə, toy və el şənliklərində keçirilən oyunda kişilərlə yanaşı, qadınlar da iştirak etmişlər.
Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Bu atların yüksək keyfiyyətləri Qarabağ bölgəsində ənənəvi at oyunlarının yayılmasını şərtləndirib. Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib. Vaxtaşırı keçirilən bu yarışlarda Qarabağın müxtəlif yerlərindən gəlmiş gənclər öz məharətlərini göstəriblər. Bu oyun Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağda bu gün oynanılmasa da, respublikanın bir çox bölgələrində yaşadılmaqdadır.
Ağcabədi rayonunun Şahsevən kəndi Azərbaycanda atçılıq ənənələrinin, o cümlədən çövkən oyununun qorunub saxlanıldığı yaşayış məntəqələrindəndir. Bu kənddə demək olar ki, hər ailədə at bəslənilir. Kənd cavanları at sürmək məharəti ilə bütün Qarabağda tanınırlar. Kəndin komandası da respublikamızda hər il keçirilən çövkən yarışlarında fəal iştirak edir, mükafata layiq yerlər tutur.
Komandanın məşqçisi Rəfail Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Şahsevən atlıları tarixən Azərbaycanda məşhur olub. Bu gün də kənddə atçılığa böyük maraq var. Kəndin komandası 2006-cı ildən respublikada keçirilən çövkən yarışlarında iştirak edir. 2015-ci ildə ikinci yerə, iki dəfə üçüncü yerə layiq görülmüşük. Komandamızdakı atların da əksəriyyəti Qarabağ atlarıdır. Qarabağ atları çövkən oyunu üçün ən yaxşı at hesab edilir. Çünki bu atlar cəld, çevik və kəskin dönüş hərəkətləri edə, dayandığı yerdən qəfildən hücuma keçə bilir".
Kənd sakini Əli Əlizadə çövkən komandasının üzvüdür. "Uşaqlıqdan at çapmışam. At sürməyə həmişə böyük marağım olub. Atım isə Qarabağ atıdır. Bu at sədaqətli, yarışlarda, oyun zamanı olduqca cəlddir. Çövkən çox maraqlı oyundur. Kəndimizin cavanları boş vaxtlarında at üstündə çövkən oyunu oynayır, at yarışları keçirirlər. Gənclərə tövsiyəm odur ki, atçılığa maraq göstərsinlər", - deyə ağcabədili gənc bildirib.
Hər iki kənd sakini sonda torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda cıdır yarışlarının keçiriləcəyinə, igidlərimizin Qarabağ atları ilə bu yarışlarda öz məharətlərini göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Regionlar 2019-03-19 17:00:00

Video