×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunda “Eşqin hikməti” kitabının təqdimatı olub

Bakı, 19 mart, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri Könül Bünyadzadənin “Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)” kitabının təqdimat mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Ceyhun Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, dəyirmi masa, layihə və proqramlar haqqında məlumat verib. C.Məmmədov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişafına qayğısı yüksək səviyyədədir. O, həmçinin “Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)” kitabının ərsəyə gəlməsində fondun rolundan bəhs edib.
Könül Bünyadzadə kitab haqqında məlumat verərək, monoqrafiyada eşqin hikmətinin üç istiqamət üzrə araşdırıldığını bildirib. Birinci istiqamətdə eşqin ilahi və bəşəri səviyyələri təhlil edilir ki, burada əsas diqqət ilahi eşqlə bəşəri eşqin kəsişmə məqamına – insanın yaradıcılıq mənbəyinə və kamillik prosesinin təkanverici qüvvəsinə ayrılır. Monoqrafiyanın ikinci istiqaməti filosof qadınların tarixini və dünyagörüşünü ehtiva edir. Üçüncü istiqamət isə müxtəlif dövrlərdə yaşayıb-yaratmış və fərqli dinlərə mənsub olan Rabiə əl-Ədəviyyənin (VIII əsr) və Edith Steinin (XX əsr) eşq haqqında düşüncələrinin müqayisəsinə həsr olunub.
AMEA-nın Fəlsəfə İnstitutunun direktor müavini, dosent Eynulla Mədətli kitabda vurğulanan ilahi eşqlə bəşəri eşqin insanın yaradıcılıq mənbəyində və kamillik prosesində xüsusi rol oynadığını vurğulayıb.
“Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)” kitabının redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova qeyd edib ki, əsərdə eşq haqqında xristianlıq və İslamın prinsipləri, Şərq və Qərb düşüncələri, orta əsrlərə və müasir dövrə aid fəlsəfi düşüncələr qarşılaşdırılır.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi, Vatikan Pontifik Lateran Universitetinin professoru Françesko Alfierinin məktubu iştirakçıların diqqətinə çatdırılıb.

Elm və təhsil 2019-03-19 16:20:00