×
A
A
A
Sazlamalar

ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla deyib: “Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bu günə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində – Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda – bütün Azərbaycan vilayətlərində, məskənlərində əsrlərlə qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”.
İsrailin Azərbaycandakı səfiri Dan Stava universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlər müxtəlif mədəniyyətləri əks etdirir. Bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.
Argentinanın ölkəmizdəki səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki, Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir. Bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani “Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib: “Tələbələr təmsil etdikləri dili çox yüksək səviyyədə nümayiş etdirirlər. Mənim üçün Azərbaycanda Novruz bayramını qeyd etmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük. Mədəniyyət və dil bizi qardaş ölkələr olaraq birləşdirir”.
Kuba, ABŞ, Yaponiya, Fransa, Meksika, Norveç, İspaniya və Çinin ölkəmizdəki səfirliklərinin təmsilçiləri Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər.
Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.

Elm və təhsil 2019-03-19 16:10:00