×
A
A
A
Sazlamalar

Azərbaycanda qiymətləndirmə sahəsində milli standartların tətbiqi müzakirə ediləcək

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) aprel ayında keçirilməsi planlaşdırılan illik hesabat yığıncağında qiymətləndirmə sahəsində milli standartların tətbiqi ilə bağlı təkliflər müzakirə ediləcək.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, AQC İdarə Heyətinin yığıncağa hazırlıqla bağlı toplantısında qiymətləndirmə sahəsində mövcud olan problemlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, media ilə işin effektiv qurulması və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AQC-nin sədri Nüsrət İbrahimov bildirib ki, bu il cəmiyyət "Qiymətləndirmə: reallıqlar, problemlər və perspektivlər" mövzusunda beynəlxalq forumun da keçirilməsini planlaşdırır.
Sessiyalarda təşkil edilməsi nəzərdə tutulan forumda "Məhkəmə və ədliyyə orqanları ilə qiymətləndirmə sahəsində birgə fəaliyyət", "Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərraca çıxarılan əmlakların qiymətləndirilməsi" və "Beynəlxalq standartların tələbləri" mövzuları üzrə diskussiyaların təşkili nəzərdə tutulur. Toplantıda qeyd edilib ki, son dövrlərdə qiymətləndirmə şirkətlərinin sayı durmadan artır və bu sahəyə qeyri-peşəkarların üz tutması bir sıra problemlərə yol açır. Bu problemlərin həlli üçün AQC tənzimləyici mexanizmlərin tətbiqi üzərində iş aparır.

İqtisadiyyat 2019-03-19 16:09:00